Accessibility links

AXCP fəalı barədə həbs qətimkan tədbiri seçilib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətova qarşı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə (qəsdən bədənə ağır xəsarət yetirmə) ittiham irəli sürülüb. Xəzər Rayon Məhkəməsi onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib. Fəal Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasına yerləşdirilib.

Bu barədə Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümbətova Amerikanın Səsinə bildirib.

Aqil Hümbətov bu gün təcridxanadan telefonla ailəsi ilə əlaqə saxlayıb.

“O dedi ki, heç kimə bıçaqla xəsarət yetirməyib. Dedi ki, zibil yığdığı zaman bir nəfər kişi qışqıra-qışqıra ona yaxınlaşıb ki, guya Aqil onun ailə üzvünə nalayiq söz deyib. Aqil təəccüb içində onun ailə üzvlərini tanımadığını bildirib. Bu zaman həmin şəxs cibindən bir bıçaq çıxarıb və qışqıra-qışqıra guya Aqilin onu bıçaqladığını bildirib. Onun hər hansı bıçaq xəsarəti yoxdur və olmayıb. Elə bil polislər hazır durublarmış. Həmin kişi qışqıran an polislər dərhal Aqili saxlayıb,” Aqil Hümbətovun həyat yoldaşı telefon danışıqından sonra Amerikanın Səsinə bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Hümbətovun Zirə kənd sakini Yamən Məmmədovu bıçaqladığı üçün saxlanıldığını bildirib. Hadisə avqustun 11-də baş verib.

Aygqn Hümbətova həyat yoldaşının bir qəsəbə sakinini bıçaqladığı üçün saxlanılması barədə polisin iddiasına inanmır.

O hesab edir ki, həyat yoldaşı sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün təqib olunur.

"Həbs ərəfəsində Aqilin Facebook səhifəsi sındırılıb və uşaq müavinətlərinin təyin edilməsini tələb etdiyi video müraciət silinib," o qeyd edib.

Hümbətova qeyd edib ki, həyat yoldaşı əvvəllər böhtan atılaraq həbs edilib. Belə ki, keçən il bir qadının yalan ifadəsinə əsasən, Aqil psixiatrik xəstəxanaya yerləşdirilib.

Belə ki, Hümbətov 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG