Accessibility links

Həbsdə olan AXCP fəalı işgəncəyə məruz qalması ilə bağlı prokurorluğa şikayət edib


Aqil Hümbətov
Aqil Hümbətov

Avqustun 16-da vəkil Nemət Kərimli həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovla saxlanıldığı 3 saylı İstintaq Təcridxanasında görüşüb.

Aqil Hümbətov vəkilə Xəzər Rayon Polis İdarəsində ağır işgəncələrə məruz qaldığını bildirib.

"Aqil Hümbətov mənə deyib ki, onu soyundurub zorlayacaqları ilə hədələyiblər," vəkil Amerikanın Səsinə bildirib.

Aqil Hümbətov məhz buna görə etirafedici ifadələrə qol çəkdiyini iddia edib.

O, özünə qarşı irəli sürülən ittihamları rədd edib.

Nemət Kərimli bildirib ki, məsələ ilə bağlı prokurorluğa şikayət verilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib ki, iddialar əsassızdır.

"Heç bir halda istintaq orqanında şübhəli bilinən, ittiham olunan şəxsi fiziki təzyiqə məruz qoymağa ehtiyac yoxdur. İddialar əsassızdır. Həmin başlanmış cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir."

Hacıyev həmçinin əlavə edib ki, vətəndaşın istintaqın gedişatı ilə bağlı hər hansı şikayəti varsa, onun şikayət etmək hüququ var.

Aqil Hümbətov avqustun 11-də Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Hümmətova qarşı Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilərək təcridxanaya etap edilib.

Müdafiə Xətti Hüquq Müdafiə Təşkilatı bildirir ki, Hümbətov bundan əvvəl də tənqidi çıxışlarına görə dəfələrlə inzibati qaydada həbs edilib. 3 ay müddətinə məcburi surətdə ruhi-əsəb dispanserinə salınaraq işgəncələrə, qeyri-insani rəftara, ləyaqəti alçaldan davranışa məruz qalıb.

“Müdafiə Xətti öz qanuni haqqını tələb etdiyinə görə üç uşaq atası, evin yeganə qazanc gətirəni Aqil Hümbətova qarşı növbəti şərləmə planına dərhal son qoyulmasını qətiyyətlə tələb edir və məsələni nəzarətdə saxlayacağını bəyan edir. Müdafiə Xətti xahiş edir ki, Baş Prokurorluq, Ombudsman Aparatı, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyi məsələni nəzarətə götürsün,” təşkilat qeyd edir.

AXCP fəalı bundan öncə 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

XS
SM
MD
LG