Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov daha bir ay Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında saxlanılacaq. Bu barədə bu gün xəstəxanadan Aqil Hümbətovun ailəsinə bildiriblər.
Bu barədə Hümbətovun həyat yoldaşı Aygün Hümbətova Amerikanın Səsinə bildirib.
“Dünən, iyunun 1-də Aqillə telefonlıa danışdım. O, iyunun 2-də yenidən komissiyadan keçiriləcəyini bildirdi. Bu gün isə xəstəxanaya zəng etdim. Dedilər ki, komissiyanın rəyinə görə Aqil daha bir ay xəstəxanada qalmalıdır,” fəalın həyat yoldaşı Aygün Hümbətova Amerikanın Səsinə deyib.
Öz növbəsində, 1 saylı Respublika Psixiatriya Xəstəxanasından Amerikanın Səsinə xəstələtlə bağlı hər hansı məlumatın verilmədiyini bildiriblər.
AXCP fəalı martın 30-da saxlanılıb və Bakının Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Aprelin 1-də o, sərbəst buraxılıb. Aqil Hümbətov sərbəst buraxıldıqdan sonra Facebook-da canlı yayımda ölkə başçısına müraciət edib. O, müraciətində sərt tənqidi ifadələr işlədib. Müxalifətçi kimi durumunun ağırlığını, şərlənərək Psixiatriya Xəstəxanasına salındığını, xəstəxanada durumun acınacaqlı olduğunu bildirib.
“Xəstəxanadakı durum barədə ictimaiyyətə məlumat vermək mənim insanlıq borcumdur. 1 saylı Psixiatriya Xəstəxanasında vəziyyət çox acınacaqlıdır, antisanitariyadır. Orada olan xəstələr çox ağır vəziyyətdə saxlanılır. Xəstələrlə insan kimi davranmırlar, xəstələrə daş daşıdırlar, onları işlədirlər. Mən qoca xəstəyə ağır kubik daşıtdırdıqlarını gördüm. Kubiki götürməyə gücü belə çatmırdı. Düzdür həkimlərin mənə kobud hərəkəti olmadı. Amma orada olduqca acınacaqlı bir vəziyyətdir. Xəstələrin sanitar qovşağı tam antisanitariyadır. Adam oraya girə bilməz. Orada virus mənim işlədiyim zibilxanadan çoxdur. Allahdan qorxun. Orada vəziyyəti düzəldin. Yeməklərdə istifadə edlilən əti it də yeməz. Xəstələri işlətməyin. Oranı təmir etdirin. Orada ən böyük virus, xəstəlik tüğyan edir,” Aqil Hümbətov qeyd edib.
Onun aprelin 2-də yenidən psixiatriya xəstəxanasına aparılması tənqidi çıxışından sonraya təsadüf edir.
AXCP fəalın saxlanılmasını və təkrarən psixiatriya xəstəxanasına yerləşdirilməsini sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu bildirib.
Rəsmi qurumlar Hümbətovun xəstəxanadakı durumla bağlı dediklərinin həqiqətə uyğun olmadığını bildirib.
AXCP fəalı bundan öncə də saxlanılıb.
Hümbətov 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib. AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu bildirib.
Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.