Accessibility links

Məhkəmə AXCP fəalının işgəncəyə məruz qalması ilə bağlı şikayəti təmin etməyib


Aqil Hümbətov
Aqil Hümbətov

Bakının Xəzər rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovun vəkilinin işgəncə ilə bağlı şikayətini təmin etməyib.

Şikayət Xəzər rayon Prokurorluğunun fəalın yerli polis bölməsində saxlanıldıqdan sonra işgəncələrə məruz qalması ilə bağlı cinayət işi açmaqdan imtina qərarından verilib.

Vəkil Nemət Kərimli bildirib ki, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Öz növbəsində, Daxili işlər Nazirliyi bir qayda olaraq işgəncə ilə bağlı iddiaları qəbul etmir və yalan adlandırır.

AXCP fəalı bu il avqustun 11-də Bakının Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Hümbətova qarşı Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

AXCP fəalı bundan öncə 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

XS
SM
MD
LG