Bu gün, noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətovun cinayət işi üzrə məhkəmə baxışı davam edib. Növbəti məhkəmə iclası noyabrın 10-da keçiriləcək.
Məhkəmə faktiki olaraq qapalı şəraitdə keçirilib və vəkildən başqa kimsə iclas zalına buraxılmayıb.
Vəkil Nemət Kərimli bildirib ki, Aqil Hümbətov məhkəmə zalına qandalda gətirilib.
“Hümbətovun qandalının açılması, şüşə qəfəsdən çıxarılması, məhkəmə zalına insanların buraxılması, Hümbəov barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi və hakimə etiraz barədə vəsatətlər verdim. Hakim vəsatətlərimi təmin etmədi. Yalnız Hümbətovun qandallarını açdılar,” o qeyd edib.
Vəkilin sözlərinə görə, Hümbətovun ilkin ifadəsi işgəncə altında alınıb.
“Mən oktyabrın 16-da onunla görüşəndən sonra işgəncə altında verdiyi ifadədən imtina etdi. O bildirdi ki, Facebook-dakı fəliyyəti ilə bağlı həbs edilib. Onun Facebook-da uşaq pulu verilməsi ilə bağlı İlham Əliyevə müraciətləri var.”
Vəkil deyib ki, Hümbətova işgəncə verilməsi ilə bağlı şikayət verib.
“Noyabrın 5-də məhkəmədə işgəncə ilə bağlı şikayətimizə baxılacaq. Biz prokurorluğa şikayət vermişik. Guya prokurorluqda araşdırılıb. Amma Aqil Hümbətovla bağlı ekspertiza keçirilməyib. Hümbətov bildirir ki, qabırğası sınıb,” vəkil məhkəmə tibbi ekspertizasının keçirilməsi ilə bağlı vəsatət qaldıracağını deyib.
AXCP fəalı bu il avqustun 11-də Bakının Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Hümbətova qarşı Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
AXCP fəalı bundan öncə 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.
AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.
Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.
Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.