Accessibility links

İslam Əməkdaşlıq Təşkilatı İranı Azərbaycan səfirliyinə silahlı hücumu araşdırmağa çağırıb


Silahlı hücumdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin önü.
Silahlı hücumdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin önü.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası Azərbaycanın Tehrandakı səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pisləyib və İran hökumətini bu hücumu hərtərəfli araşdırmağa çağırıb.

Bu barədə martın 16-17-də Mavritaniyanın paytaxtı Nuakşot şəhərində İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında qəbul olunmuş qətnamədə bildirilib.

57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş “Tehrandakı Azərbaycan Səfirliyinə qarşı hücum” adlı qətnamədə İƏT üzv dövlətləri bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pisləyir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırır.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomatla səfirliyin mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hücum edən şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Tehran Cinayət Məhkəməsinin prokuroru bildirib ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs iddia edib ki, ötən ilin aprelində həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Tehranda Azərbaycan səfirliyinə hücumu terror aktı kimi qiymətləndirib.

"Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram", o bildirib.

Prezident terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başladıldığını bildirib.

Məlumatda deyilir ki, faktla bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin 12.2 (Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi), 120.2.1 ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;), 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1 (terrorçuluq), 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci (Qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başladılıb.

Azərbaycan yanvarın 29-da Tehrandakı səfirliyinin diplomatik fəaliyyətinin tam dayandırıldığını bəyan edib və səfirliyin bütün əməkdaşları Bakıya gətirlib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG