"Müsavat Partiyası günahsız insanların həbs və təqib olunmalarını yolverilməz sayır. Azərbaycan hakimiyyətindən həm də dövlətin maraqlarını nəzərə alaraq COP29 ərəfəsində bütün siyasi məhbusların azad olunmasını tələb edir".
Bu barədə noyabrın 4-də bu partiyanın divanı bəyanatla çıxış edib.
Müsavat Partiyası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi ilə bağlı Çərçivə Konvensiyasına üzv olan ölkələrin illik iqlim konfransının (COP29) Azərbaycanda keçirilməsini dünyada və ölkədə mövcud olan ekoloji problemlərin həllində irəliləyişə nail olmaq üçün bir şans kimi kimi qiymətləndirir.
“Eyni zamanda təəssüflə qeyd edir ki, bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamda ölkədə ekologiya fəalları da daxil olmaqla, cəzaçəkmə müəssisələrində çoxlu sayda siyasi məhbus var. Yerli hüquq-müdafiə təşkilatları onların sayının 300-dən artıq olduğunu bildirir”, sənəddə qeyd edilir.
Öz növbəsində, rəsmi Bakı ölkədə insanların iradəsinə görə təqib edilmədiyini və siyasi məhbusların olmadığını bildirir. Eyni zamanda Azərbaycan hökuməti siyasi məhbuslarla bağlı yerli və beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır.
Xatırladaq ki, çoxsaylı beynəlxalq təşklatlar, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini haqsız yerə həbsdə olan şəxsləri azad etməyə çağırıb.
Yerli hüquq müdafiəçilərinin son siyasısına görə, ölkədə 319 siyasi məhbus var.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-22-də Bakıda keçiriləcək.
COP-29-un rəsmi məlumatına görə, Bakı sammitində yüzdən çox dövlət və hökumət başçısının iştirakı gözlənilir. Artıq konfransda iştirak etmək üçün 50 mindən çox insan qeydiyyatdan keçib.
Forum