Accessibility links

Əli Kərimli: Məhkəmə işinin uzadılması AXCP-yə qarşı böyük təzyiq planının tərkib hissəsidir


Əli Kərimli-AXCP sədri
Əli Kərimli-AXCP sədri

Bakının Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında keçirilən məhkəmə iclasını dekabrın 2-dək təxirə salıb. Əli Kərimli məhkəmə iclasının təxirə salınmasının Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı olduğunu bildirir. Məhkəmə isə iclasın təxirə salınmasının səbəbləri barədə hələ açıqlama verməyib.

AXCP rəsmisi Amerikanın Səsinə deyib ki, Bakıda noyabrın 11-dən 22-dək keçiriləcək COP29 konfransı zamanı müxalifət liderinin məhkəməsinin diqqəti cəlb edəcəyi səbəbindən uzun müddətə təxirə salınıb.

“AXCP sədrinin məhkəməsi zamanı məhkəmə binasının qarşısına Əli Kərimlinin çoxsaylı tərəfdarları toplaşır. Orada mini mitinq olur. Görünür hökumət Əli Kərimlinin məhkəməsinin və məhkəmə qarşısına toplaşan insanların COP29 iştirakçılarının diqqətini cəlb edəcəyindən çəkinir. Belə görünür ki, Tofiq Yaqublunun da məhkəməsi uzun müddətə təxirə salınacaq. Çünki ona da deyiblər ki, məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınır”, AXCP rəsmisi Amerikanın Səsinə deyib.

AXCP sədri Əli Kərimli isə Amerikanın Səsinə bildirib ki, məhkəmənin bu şəkildə uzadılamsı “Vaşinqton Post” qəzetindəki ehtimalı doğruya çıxarıb.

“Vaşinqton Post”da Azərbaycandakı vəziyyətlə bağlı məqalədə yazılmışdı ki, İlham Əliyev siyasi rəqabəti yaxın buraxmır, siyasi rəqabətə tolerant deyil. Ona görə də Xalq Cəbhəsinin sədri Əli Kərimliyə qarşı cinayət işi başladılıb və cinayət işi ləngidilir ki, COP29-dan sonraya saxlansın”, o qeyd edib.

Əli Kərimli: Məhkəmə işinin uzadılması AXCP-yə qarşı böyük təzyiq planının tərkib hissəsidir
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Kərimli hesab edir ki, məhkəmənin COP29-dan sonraya saxlanılması ona qarşı başlanan işin “hüquqi deyil, siyasi" olduğunu göstərir.

“Yəni bu iş birbaşa Prezident Administrasiyası tərəfindən idarə olunur. Prezident Administasiyasının birbaşa göstərişi ilə bu iş COP29-dan sonraya keçirilib. Hesab ediəm ki, həm məhkəmə prosesinin süni şəkildə uzadılması, ümumiyyətlə bu ittihamın icraata qəbul edilməsi, həm də Xalq Cəbhəsinə qarşı sistemli təzyiqlər bütövlükdə mənə və AXCP-yə qarşı böyük təhlükə, təzyiq planının tərkib hissəsidir”.

Kərimli fikrinin izahında deyib ki, Xalq Cəbhəsi Partiyasının sonuncu qurultayının qərarları məhkəmə qaydasında ləğv etdirilib.

“O cümlədən, mənim də AXCP sədri seçilməyim barədə qərar məhkəmə qaydasında ləğv etdirilib. Aydın məsələdir ki, bu siyasi sifarişlə edilib. Eyni zamanda bizim yeni qurultay keçirməyimizə yer ayrılmır. Üstəlik apellyasiya məhkəməsinin icraatında partiyanın fəaliyyətinin dayandırılması barədə proses gedir”.

O hesab edir ki, AXCP-yə qarşı sistemli təzyiqlər, ona qarşı quraşdırılmış bu “saxta iş”, sədr kimi tanınmaması, partiyanın qurultayının nəticələrinin ləğv edilməsi, yeni qurultayın keçirilməsinə yaradılan maneələr real siyasi müxalifəti sıradan çıxarmaq təşəbbüsüdür.

“Bu sistemli şəkildə İlham Əliyevin özü tərəfindən rəhbərlik edilən bir prosesdir”, o qeyd edib.

Öz növbəsində Azərbaycan hakimiyəti ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, hamının qanun qarşısında bərabər olduğunu bildirir. Dövlət rəhbərləri ölkədə bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir. Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 314 nəfəri siyasi məhbus kimi tanıyır. Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti mütəmadi olaraq tənqidi bəyanatlarla çıxış edir.

Fərdi ərizəçi Aydın Əliyev Kərimlini Azərbaycan Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb etməyi tələb edir.

İddiaçı Kərimlinin məhkəmənin AXCP-nin qurultayının qərarını ləğv etməsi haqqında şərhini "böhtan" adlandırıb.

Xüsusən, Kərimliyə qarşı onun aşağıdakı fikirləri ilə əlaqədar iddia irəli sürülüb: "Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib... Partiyaya zorla bərpa edilmiş həmin şəxsin şikayəti əsasında 05.07.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsi 24.06.2023-cü il tarixli qurultayın 287 "lehinə", bir "əleyhinə" səslə qəbul edilmiş qərarlarını etibarsız sayıb".

Kərimli iddianın əsassız olduğunu, "hakimiyyətin sifarişi ilə" məhkəmə tərəfindən qəbul edildiyini bildirib. Şikayət təmin edilsə, Kərimli 6 ayadək azadlıqdan məhrum edilə bilər.

Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına (NTK) üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verilməyib.

AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə Əliyev partiya sıralarından kənarlaşdırılıb. Aydın Əliyev bundan öncə də məhkəməyə müraciət edib. Onun ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia 2020-ci ilin iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Forum

XS
SM
MD
LG