III Respublika Platforması AXCP və Əli Kərimliyə qarşı davamlı repressiya siyasətini pisləyir, Azərbaycan hökumətindən siyasi rəqiblərinə qarşı repressiyaları durdumağı və diffamasiyanın dekriminallaşdırılmasını tələb edir.
Bu barədə platformanın bəyanatında deyilir.
Platforma hesab edir ki, AXCP-nin keçmiş üzvü Aydın Əliyev tərəfindən Əli Kərimliyə qarşı verilən xüsusi ittiham qaydasında şikayət AXCP-yə qarşı Azərbaycan hökuməti tərəfindən aparılan sistematik repressiv tədbirlərin tərkib hissəsidir.
“Aydın Əliyev bu iş üzrə formal olaraq xüsusi ittihamçı rolundadır və bu iş AXCP, o cümlədən Kərimliyə qarşı repressiv tədbirlərə fon yaratmaq xarakteri daşıyır”, bəyanatda deyilir.
III Respublika Platforması qeyd edir ki, Azərbaycan hökuməti uzun müddətdir ki, AXCP-yə qarşı sistematik repressiya kampaniyası həyata keçirir.
“Bu siyasi repressiya hüquq mühafizə orqanları tərəfindən davamlı olaraq AXCP üzvləri haqda əsassız və siyasi motivli cinayət və inzibati işlər açaraq onların məhkum edilməsində, AXCP sədri Əli Kərimlinin ölkədən çıxışına imkan verməmək üçün ona ümumvətəndaş pasportunun verilməməsində (Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən bu halın pozuntu olmasında qərar çıxarılmasına baxmayaraq həmin qərar icra edilmir), partiyanın qərargahdan məhrum edilməsində, qurultay və iclaslarının keçirilməsi üçün məkanla təmin edilməməsində, sərbəst toplaşma azadlığı çərçivəsində toplantıların keçirilməsinə maneələr yaradılmasında, təşkilata və sədrinə qarşı hökumətyönümlü media və hakim partiyanın, eləcə də hakim partiya ilə əlaqəli peyk partiyaların təmsilçiləri tərəfindən aparılan qarayaxma kampaniyasında, həmçinin 2015-ci ildən bəri AXCP-nin qurultaylarının nəticələrinin əsassız səbəblərlə qeydiyyata alınmayaraq partiyanın fəaliyyətinin iflic edilməsində özünü büruzə verir”, bəyanatda bildirilir.
Platforma hesab edir ki,nəticə etibarilə, Azərbaycan hökuməti cinayət diffamasiyasını, yəni böhtan və təhqirə dair Cinayət Məcəlləsinin hüquq normalarını dekriminallaşdırmağa dair beynəlxalq hüquqi öhdəlik daşıyır. Lakin bu öhdəliyini yerinə yetirmir.
Xatırlatma
Avqustun 13-də Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması üçün şikayətə baxılıb. Şikayət AXCP Nəzarət Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev tərəfindən verilib. İddiaçı Əli Kərimli barəsində Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə cinayət işi başlanmasını istəyir. İddiaçı məhkəmədən Əli Kərimlinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.
Aydın Əliyev bildirib ki, Əli Kərimli müxtəlif internet kanallarında, AXCP Ali Məclisinin toplantısında onun etibarını itirdiyini, hökumətpərəst siyasətinə görə partiyadan xaric edildiyini, daha sonra hakimiyyətin məhkəmələrin əli ilə onu zorla partiyaya bərpa etdirdiyini deyib. Əli Kərimli onu da bildirib ki, hakimiyyət Aydın Əliyevin vasitəsilə – onun məhkəmədə qaldırdığı iddia əsasında AXCP-nin keçirdiyi qurultayın nəticələrini ləğv elətdirib: "Bilə-bilə böhtan atıb, şərəf və ləyaqətimi təhqir edib".
Aydın Əliyev məhkəməyə video-görüntülər təqdim edərək bildirib ki, içində Əli Kərimlinin onun haqqında çıxışları yer alıb.
AXCP bəyan edir ki, indiyə qədər olduğu kimi bundan sonra da heç bir “təzyiq, repressiya onu Azərbaycan xalqının hüquq və azadlıqları, Azərbaycanın demokratiyaya qovuşması uğrunda prinsipial mübarizədən çəkindirməyəcək".
AXCP beynəlxalq birlikdən partiya və onun sədrinə qarşı başlanmış bu qanunsuz hərəkətləri diqqətlə izləməyi, “avtoritar Əliyev rejimini durdurmaq üçün təsirli tədbirlər görməyi” gözləyir.
Xatırladaq ki, rəsmi Bakı bir qayda olaraq ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, bütün şəxslərin qanunvericilik qarşısında bərabər olduğunu bəyan edir.
Forum