Accessibility links

Avropa Parlamentinin keçmiş deputatı Avropa İttifaqını AXCP sədrinə qarşı təqibə yol verməməyə çağırıb


Avropa Parlamentinin keçmiş deputatı İzabel Santos AXCP sədri Əli Kərimliyə qarşı təqibə yol verməmək üçün Avropa İttifaqını hərəkət etməyə çağırıb.

Bu barədə o, “ X” platformasında qeyd edib.

“Azərbaycanın müxalifət lideri Əli Kərimli İlham Əliyevin kleptokratik diktaturası tərəfindən uydurulmuş cinayət ittihamı ilə üzləşir. O, siyasi qərəzli məhkəmə qarşısına çıxarılacaq. Bu barədə Avropa İttifaqı hərəkət etməlidir”, o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanması üçün Nəsimi rayon Məhkəməsinə müraciət edilib.

İddiaçı Əli Kərimli barəsində Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə cinayət işi başlanmasını istəyir. Cinayət işinin sanksiyasına görə, ittiham edilən şəxs yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

AXCP bəyan edir ki, indiyə qədər olduğu kimi bundan sonra da heç bir “təzyiq, repressiya onu Azərbaycan xalqının hüquq və azadlıqları, Azərbaycanın demokratiyaya qovuşması uğrunda prinsipial mübarizədən çəkindirməyəcək".

AXCP beynəlxalq birlikdən partiya və onun sədrinə qarşı başlanmış bu qanunsuz hərəkətləri diqqətlə izləməyi, “avtoritar Əliyev rejimini durdurmaq üçün təsirli tədbirlər görməyi” gözləyir.

Öz növbəsində, AXCP sədri Əli Kərimli ilə bağlı məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən Aydın Əliyev Amerikanın Səsinə iddiasını təsdiq edib.

O bildirib ki, AXCP sədri bilə-bilə müxtəlif internet televiziya kanallarında və nəşrlərdə ona böhtan atıb.

Xatırladaq ki, rəsmi Bakı bir qayda olaraq ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, bütün şəxslərin qanunvericilik qarşısında bərabər olduğunu bəyan edir.

Forum

XS
SM
MD
LG