Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ ölkələrinin səfirləri ilə Azərbaycanın müxalif siyasi partiyaları arasında bazar ertəsi keçirilən görüşlə bağlı bəzi saytların dezinformasiya yaymasını pisləyib.
Aİ Nümayəndəliyi avqustun 15-də yaydığı bəyanatında görüşlərin formatı və məzmunu ilə bağlı səsləndirilən iddiaların tamamilə yalan olduğunu və reallığa uyğun gəlmədiyini bildirib.
“Biz Avropa İttifaqına, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə, Aİ-nin Azərbaycandakı səfirinə və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinə qarşı bu cür dezinformasiya hücumlarından təəssüf edir və qətiyyətlə pisləyirik”, bəyanatda qeyd edilir.
Nümayəndəlik Aİ-nin Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini, İttifaqın Azərbaycanın mühüm və yaxın tərəfdaşı, o cümlədən ən mühüm ticarət tərəfdaşı və enerji sahəsində strateji tərəfdaşı olduğunu xatırladıb.
“Aİ Azərbaycanla öz xalqının mənafeyi naminə, o cümlədən insan hüquqlarının müdafiəsi sahəsində birgə işləyir və Azərbaycan cəmiyyətinin bütün təbəqələri, o cümlədən siyasi partiyalar və vətəndaş cəmiyyəti ilə əlaqə saxlayır. Bundan başqa, Aİ heç bir ölkədə heç bir seçkiyə müdaxilə etmir”, Aİ Nümayəndəliyi əlavə edib.
Avqustun 12-də bir sıra Avropa ölkələrinin Azərbaycandakı diplomatları ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşlər keçirilib.
Görüşlər zamanı ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər və digər məsələlərin müzakirə olunduğu bildirilib.
Azərbaycanın bəzi hökumətyönlü mediaları görüşlə bağlı mənbə və sübutu göstərilməyən iddiaların yer aldığı və Avropa İttifaqının tənqid edildiyi yazılar dərc edib.
Azadlıq qəzetinin redaktoru Rahim Hacıyev deyir ki, Azərbaycan hakimiyyəti uzun müddətdir Avropaya qarşı qarayaxma kampaniyası aparır və bu cür yazılar həmin məqsədə xidmət edir.
“Hakimiyyət açıq-aşkar Azərbaycanı totalitar, sərt-avtoritar rejimlər klubuna birmənalı şəkildə üzv etmək üçün çalışır. Bütün bunlar Qərbə qarşı kəskin konfrontasiya fonunda baş verir. Ona görə hökumətin nəzarətində olan bir saytda belə bir yazının getməsində təəccüblü heç nə yoxdur. Yazı yuxarıdan göndərilib, onlarda da dərc olunub”, Hacıyev vurğulayıb.
Forum