Accessibility links

Şarl Mişelin Azərbaycan-Ermənistan sülh müqaviləsi üçün səyləri bərpa etdiyi bildirilir


Arxiv fotosu: Azərbaycan prezidenti İlham Əliyev, Aİ Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan
Arxiv fotosu: Azərbaycan prezidenti İlham Əliyev, Aİ Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaza davamlı sülhün gətirilməsi istiqamətində səylərini bərpa edir.

Politico nəşri iki vəzifəli diplomata istinadla yazır ki, Şarl Mişel ötən ay Böyük Britaniyada baş tutan Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirib.

Bundan əlavə, Şarl Mişelin hər iki tərəfə məktub yazaraq onları sərhədin delimitasiyası kimi yerdə qalan məsələləri həll etmək üçün danışıqlar masasına qayıtmağa və sülh müqaviləsini yekunlaşdırmağa çağırdığı bildirilir.

Politico qeyd edir ki, aylarla davam edən ləngimələr və çoxdan gözlənilən sülh müqaviləsinin imzalanmasının diplomatik dalana dirənməsi Brüsseldə məyusluğu artırır.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iyulun 18-də Avropa Siyasi Birliyi sammiti çərçivəsində növbəti görüşün keçirilməsi baş tutmayıb və tərəflər buna görə bir-birini günahlandırıb.

Rəsmi Bakı Ermənistanın, Yerevan isə Azərbaycanın görüşdən imtina etdiyini bildirib.

“Son nəticədə, oyun oynamaqdan əl çəkmək və müqaviləni imzalamaq hər iki tərəfdən asılı məsələdir. Prezident Mişel razılaşmanın əldə olunması üçün Avropa İttifaqının ixtiyarında olan bütün vasitələrdən istifadə edib”, Şarl Mişelə yaxın vəzifəli Aİ diplomatı Politico nəşrinə deyib.

Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə altı görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə keçirilib. 2022-ci ilin 6 aprel, 23 may və 31 avqust tarixlərində tərəflər arasında daha üç görüş baş tutub.

Ötən il isə 14 may və son olaraq 15 iyul tarixində olmaqla iki görüş keçirilib.

Tərəflər Brüssel danışıqları nəticəsində bir sıra məsələlər ətrafında ilkin razılaşmalar əldə ediblər.

Aİ vasitəçiliyi baş tutan danışıqlar prosesinin dayanması ötən ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsinə tam nəzarəti bərpa etməsi və 100 minə yaxın etnik erməni əhalinin Qarabağı tərk etməsi ilə nəticələnən bir günlük hərbi əməliyyatdan sonraya təsadüf edib.

Əvvəlcə 2023-cü il oktyabrın 5-i Qranada şəhərində Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində Aİ, Azərbaycan, Ermənistan, Almaniya və Fransa liderləri arasında beştərəfli formatda növbəti görüşün keçirilməsi planlaşdırılsa da, Azərbaycan Türkiyənin görüşdə iştirakına imkan verilməməsi və Fransanın “qərəzli mövqe”yini əsas gətirərək görüşə qatılmayıb.

Daha sonra Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə oktyabr ayının sonuna planlaşdırılan görüşü də təxirə salınıb.

Aİ rəsmiləri danışıqlar prosesinin dayanmasına baxmayaraq, Brüsselin Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq istiqamətində səylərini davam etdirdiyini bildiriblər.

Forum

XS
SM
MD
LG