Rəsmi Bakı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi səlahiyyətini başa vurmaqda olan Toivo Klaarın mətbuata müsahibəsində Qarabağ erməniləri ilə bağlı səsləndirdiyi fikirlərin “qərəzli” olduğunu deyib.
“Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, ermənilərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı səfir təyin edilmiş Toivo Klaara yaxşı məlumdur”, Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 5-də bildirib.
Azərbaycan XİN-in nümayəndəsi Vasif Əliyev vurğulayıb ki, Azərbaycan tərəfi ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməni əsilli şəxslərin Azərbaycana qayıtması niyyətinə hörmətlə yanaşır.
“Vəzifədən gedən ərəfədə səlahiyyətlərinə aid olmadan bu kimi qərəzli açıqlamalar verməsi ilk növbədə Aİ rəsmisinin təmsil etdiyi qurumun reputasiyasına vurduğu növbəti zərbədir”, Azərbaycan XİN-in açıqlamasında vurğulanır.
Avqustun 4-də JAMnews media platformasına müsahibəsində Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi və Aİ-nin normallaşma prosesi üçün səylərindən danışan Toivo Klaar Qarabağ ermənilərinin öz evlərinə qayıtmasının Azərbaycanın öhdəliyi olduğunu vurğulayıb.
“Aİ-nin məsələ ilə bağlı mövqeyi aydındır və mənim gözləntim də budur ki, Qarabağ erməniləri normallaşma prosesinin bir hissəsi olacaq və onların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmaları ilə bağlı Bakı ilə onlar arasında birbaşa danışıqlar aparılacaq”, Klaar bildirib.
Estoniyalı diplomat əlavə edib ki, bəzən bu kontekstdə başqa məsələlər, o cümlədən “Qərbi Azərbaycan” məsələsi gündəmə gətirilir, ancaq bunlar qarışdırılmamalı fərqli suallardır.
“Birincisi, Qarabağ ermənilərinin öz ata-baba yurdlarına qayıtmasının asanlaşdırılmasıdır ki, bu da Azərbaycanın üzərinə düşən öhdəlikdir. İkincisi, əvvəllər Azərbaycanın başqa yerlərində, o cümlədən Bakıda yaşayan ermənilər və ya Ermənistanda yaşayan azərbaycanlılar məsələsidir”, Toivo Klaar qeyd edib.
Bakı isə vurğulayır ki, Aİ nümayəndəsinin “ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir”.
2017-ci ildən Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərən Toivo Klaar avqust ayının sonunda səlahiyyətlərini başa vuraraq Aİ-nin Özbəkistanda səfiri kimi yeni fəaliyyətə başlayacaq. Onu indiki vəzifəsində sentyabrın 1-dən etibarən çexiyalı diplomat Maqdalena Qrono əvəzləyəcək.
Forum