Accessibility links

Çex diplomat Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilib


Maqdalena Qrono
Maqdalena Qrono

Avropa İttifaqı Şurası çexiyalı diplomat Maqdalena Qrononu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsi təyin edib.

Aİ Şurasının məlumatına görə, Qrono sentyabrın 1-dən etibarən hazırkı xüsusi nümayəndə Toivo Klaarı əvəzləyəcək.

“O, BMT və ATƏT ilə sıx koordinasiya şəraitində Gürcüstandakı böhran da daxil olmaqla, münaqişələrin sülh yolu ilə həllinə və Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verəcək”, məlumatda qeyd olunub.

Hazırda Aİ Şurasının prezidenti Şarl Mişelin xarici siyasət üzrə baş müşaviri olan Maqdalena Qrono son 25 il ərzində Aİ-də bir sıra yüksək səviyyəli diplomatik vəzifələr tutub, xarici siyasət və münaqişələrin həlli məsələləri üzrə çalışıb.

Qrono Azərbaycan və Ermənistan liderləri arasında Şarl Mişelin vasitəçiliyi ilə baş tutan Brüssel görüşlərinin əsas pərdəarxası simalardan olub.

O, Şarl Mişeldən əvvəl Avropa İttifaqı Şurasının keçmiş prezidenti Donald Tuskun da xarici siyasət üzrə müşaviri olub və Aİ Şurasında işə başlamazdan əvvəl Beynəlxalq Böhran Qrupu düşüncə mərkəzinin Avropa və Mərkəzi Asiya üzrə direktoru kimi çalışıb.

Forum

XS
SM
MD
LG