BMT-nin ətraf mühitin müdafiəsi üzrə xüsusi məruzəçisi Mişel Forst (Michel Forst) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb.
Mişel Forst hesabatında iki həftədən az müddətdə Bakıda başlayacaq COP29 -dan əvvəl hüquq müdafiəçisi Anar Məmmədliyə münasibətin pisləşməsi və vətəndaş cəmiyyəti subyektlərinə qarşı təzyiqlərdən ciddi şəkildə narahatlığını ifadə edib.
“Mən Azərbaycan hökumətini cənab Məmmədlinin məhkəməyə qədərki prosesdən dərhal azad edilməsini təmin etməyə çağırıram”, o qeyd edib.
BMT-nin xüsusi məruzəçisi öz bəyanatında həmçinin Azərbaycan hökumətini Anar Məmmədliyə qarşı bütün ittihamların dərhal ləğv edilməsini və onun qanunsuz həbsi nəticəsində dəymiş bütün maddi və qeyri-maddi zərərin tam ödənilməsini, təcili olaraq səhhətinə görə lazımi tibbi yardım almaq imkanının təmin edilməsinə çağırıb.
“Bu hadisələrlə əlaqədar olaraq, bu il oktyabrın 24-də mən Azərbaycan hökumətinə yazaraq, cənab Məmmədliyə həbsxanada baş çəkməyi xahiş etdim. Azərbaycan bu günə qədər mənim müraciətimə cavab verməyib. Mən yenidən Azərbaycan hökumətinə xahişimi təcili olaraq təkrar edirəm. Cənab Məmmədlini həbsxanada təkbaşına ziyarət etmək imkanı yaradılsın. Azərbaycanın mənimlə əməkdaşlıq etmək istəyinə ümid edirəm və xahiş etdiyim səfərdə cənab Məmmədliyə baş çəkməkdə mənə köməklik göstərin”, 0 bildirib.
Mişel Forst yekun olaraq Azərbaycanı Orhus Konvensiyasının (Ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı-red) 3 (8) maddəsi üzrə öhdəliklərinə ciddi şəkildə əməl etməyə çağırıb.
Bu barədə Azərbaycan rəsmiləri hələlik rəsmi açıqlama yaymayıb.
Ombudsman Aparatı isə Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun həkim üzvünün də iştirakı ilə Anar Məmmədli oktyabrın 11-də saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında konfidensial qaydada qəbul edilmiş, müraciətləri dinlənilmişdir. Onun saxlanma şəraiti ilə bağlı müraciətləri dərhal müəssisə rəhbərliyinin diqqətinə çatdırılmış və yerində təmin edilmişdir.
“Eyni zamanda Anar Məmmədlinin səhhəti ilə bağlı mediada yayılmış məlumatlar araşdırılmış, oktyabrın 17-də o, Bakı İstintaq Təcridxanasının Tibb Sanitariya Hissəsinin baş həkimi tərəfindən də qəbul edilmişdir. Anar Məmmədli zəruri tibbi müayinələrdən keçirilmiş, analizlər götürülmüşdür”, Ombudsman Aparatının cavabında qeyd edilir.
Bununla yanaşı, Anar Məmmədlinin hüquqlarının müdafiəsi ilə bağlı kampaniyanı aparanlar onun təcridxanada səhhətinin pisləşməsindən narahatdır.
Müəlliflər Azərbaycan Respublikası hökumətini, xüsusən də Azərbaycan Ədliyyə Nazirliyinin Tibb İdarəsini Anar Məmmədlinin həbsdə olarkən adekvat tibbi müayinədən keçmək hüququnu yerinə yetirməyə çağırır.
Anar Məmmədli aprelin 29-da saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.
Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.
Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.
Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.
O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.
Azərbaycanlı rəsmilər bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.
Forum