Accessibility links

Vəkil: Anar Məmmədlinin səhhəti günü-gündən pisləşir


Anar Məmmədli
Anar Məmmədli

Hazırda həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) mərkəzinin direktoru Anar Məmmədlinin səhhətinin günü-gündən pisləşdiyi deyilir.

Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, oktyabrın 14-də 1 saylı Baki İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədli ilə görüşüb.

Vəkil deyir ki, Annar Məmmədlinin belində, boğazında ağrılar var. O eyni zamanda baş hərləmələrindən əziyyət çəkir.

“Anar Məmmədlinin səhhəti günü-gündən pisləşir. Onun müayinə olunması, analizlər alınması, yoxlanılması və müalicəsi ilə bağlı etdiyimiz müraciətlərin heç bir nəticəsi yoxdur”, vəkil qeyd edib.

Elçin Sadıqov yaxın zamanlarda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) mərkəzinin direktoru Anar Məmmədlinin həbsninin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəməyə müraciət edəcək.

Bununla belə, vəkil Anar Məmmədli barədə istintaq hərəkətlərinin aparılmadığını deyir.

Vəkilin dediklərinə istintaq orqanı tərəfindən reaksiya verilməyib.

Bununla yanaşı, ibtidai istintaqın nə vaxt başa çatacağı ilə bağlı da hələlik açıqlama verilməyib. Adətən istintaq başa çatandan sonra cinayət işi məhkəməyə göndərilir və vəkillərin istintaq işi ilə tanış olması üçün imkan yaradılır. Amma, bunlar hələ baş verməyib.

Öz növbəsində, Penitensiar Xidmət Anar Məmmədlinin vəkilinin dediklərinə hələ münasibət bildirməyib.

Anar Məmmədli aprelin 29-da saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.

Azərbaycanl rəsmilər isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.

O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.

Forum

XS
SM
MD
LG