Oktyabrın 18-də Səbail Rayon Məhkəməsində siyasi tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun saxlanıldıqdan sonra ona qarşı fiziki təzyiqlə bağlı araşdırmanın nəticəsinin olmamasına dair şikayətinə baxılıb.
Səmədov saxlanıldıqdan sonra müəyyən təzyiqə məruz qalmasından şikayət edib, bu barədə jurnalistlərə vəkil Zibeydə Sadıqova bildirib.
Həmin vaxt Səbail Rayon Məhkəməsi məsələnin araşdırılması üçün Baş Prokurorluğa məlumat verilməsi haqqında qərar qəbul edib.
"Lakin 2 aya yaxın vaxt keçib və heç bir araşdırma aparılmayıb, biz prokurorluğun hərəkətsizliyindən məhkəməyə şikayət verdik", deyə vəkil qeyd edib.
Oktyabrın 18-də məhkəmə prosesində Səmədov və vəkil prokurorluğun yekun qərarı olmadığına görə şikayəti müvəqqəti olaraq geri çəkmək qərarına gəliblər.
"Səmədova qarşı təzyiqlə bağlı şikayət bundan sonra da araşdırılmasa, biz yenidən məhkəməyə müraciət edəcəyik", deyə Sadıqova qeyd edib.
Səmədov məhkəmə binasına gətirilərkən “COP29-da səsimə səs verin", deyə müraciət edib.
Siyasi tədqiqatçı avqustun 21-də həbs olunub. Avqustun 23-də isə Səbail Rayon Məhkəməsi Bəhruz Səmədov barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.
Bəhruz Səmədov "OC Media" və "Bakı Araşdırmalar İnstitutu"nun müəllifidir. O, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə tanınır, elə həbsinin səbəbini də bunda görür.
Siyasi tədqiqatçı Mərkəzi Avropa Universitetinin beynəlxalq əlaqələr bölməsinin məzunu, Karlov Universitetinin siyasi elm bölməsinin doktorantura tələbəsidir. Səmədov poststrukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemoniya və siyasi diskursları araşdırır.
Azərbaycan hakimiyyəti isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Forum