Accessibility links

Azərbaycan və Ermənistan sərhəd komissiyaları birgə fəaliyyət haqqında əsasnamə layihəsini müzakirə edib


Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi (Mənbə: Azərbaycan Nazirlər Kabineti)
Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi (Mənbə: Azərbaycan Nazirlər Kabineti)

Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə komissiyaları birgə fəaliyyət haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyir.

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin ofisinin məlumatında deyilir ki, iyulun 1-nə olan vəziyyətə görə komissiyalar işçi qaydada əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr aparıb.

“Danışıqlar konstruktiv məcrada davam edir. Razılaşdırma prosesinin tezliklə başa çatdırılması planlaşdırılır”, məlumatda qeyd edilir.

Ermənistan tərəfi də eyni məzmunlu məlumat yayıb.

İyulun 1-də həmçinin Prezident İlham Əliyev Kanadanın yeni təyin olunmuş səfiri Kevin Hamiltonla söhbət zamanı bildirib ki, Azərbaycan və Ermənistan hazırda ikitərəfli səviyyədə daha yaxşı nəticələr əldə edir.

“Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub,” o qeyd edib.

Dövlət başçısı bildirib ki, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir.

“Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir,” o deyib.

Azərbaycan Prezidenti eyni zamanda hesab edir ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyiş var.

Ermənistan tərəfi Azərbaycan Prezidentinin dediklərinə hələ münasibət bildirməyib.

Bu ilin mayında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan bu ilin noyabrına qədər Azərbaycanla sülh müqaviləsi bağlaya bilər.

Forum

XS
SM
MD
LG