Accessibility links

Ceyms O’Brayn: Biz Azərbaycanla əməkdaşlıq sahələrini möhkəmləndirmək və genişləndirmək istəyirik


Ceyms O’Brayn -ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi
Ceyms O’Brayn -ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi

"Biz Azərbaycanla əməkdaşlıq sahələrini möhkəmləndirmək və genişləndirmək istəyirik.

Bu barədə iyunun 28-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycanla bir çox sahədə güclü və səmərəli tərəfdaşlığı var.

"Bugünkü müzakirəmizin böyük hissəsi regiondakı vəziyyətə və hökumətlərin birlikdə daha səmərəli çalışmaq imkanlarına həsr olunub. Mən müzakirə etdiyimiz bir sıra konkret məsələnin üzərində dayanacağam. Biz Mərkəzi Asiyadan Atlantikaya qədər, şimaldan cənubadək uzanan regionda vəziyyəti gözdən keçirdik və hadisələrin necə inkişaf etdiyini müşahidə etdik", - o qeyd edib.

Ceyms O’Brayn Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları məsələsinə də toxunub.

Diplomat bildirib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür.

O əlavə edib ki, münaqişənin həlli bütövlükdə region üçün səmərələri olacaq.

“Bu, hər bir ölkə üçün yaxşı olacaq və əsas tranzit ölkələri - Azərbaycan və Ermənistanda böyük iqtisadi imkanlar yaradacaq”, Ceyms O’Brayn deyib.

Onun sözlərinə görə, Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirməyə hazırdır.

Ceyms O’Brayn görüşlər zamanı Azərbaycanın COP29-a sədrliyini də müzakirə etdiyini vurğulayıb.

“Biz Azərbaycana bu prosesdə texniki dəstək verəcəyik. İqlim dəyişikliyini ciddi qlobal çətinlik hesab edirik” diplomat bildirib.

Bundan əlavə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Azadlığa dəstək haqqında akta “907 saylı düzəliş”i ilə bağlı jurnalistin sualına cavab verib.

Onun sözlərinə görə o, bu düzəlişi ABŞ-la Azərbaycan arasında sıx və dərin əməkdaşlığa maneə hesab etmir.

“Hesab etmirəm ki, bizim Konqresdə "907 saylı düzəliş"in ləğvi məsələsini nəzərdən keçirmək istəyi var, lakin istisnalar mövcuddur. Hər bir sonrakı administrasiya, respublikaçılar və demokratlar, şərtlər tələb olunduqda istisnalar təqdim edib. Hazırda mövcud olanları təhlil etməyə davam edirik. Düşünürəm ki, bizim Bakı ilə çox güclü işgüzar əlaqələrimiz var. Xüsusilə “907 saylı düzəliş”in mane ola bilməyəcəyi təhlükəsizlik və əməkdaşlıq sahələrində bu əlaqələr mövcuddur.

İki ölkə bir-biri ilə qarşılıqlı əlaqə yaratmaq üçün çox səmərəli yollar tapır, ona görə də bu düzəlişin Azərbaycanla əməkdaşlığa maneə olduğuna inanmıram, sadəcə olaraq, həll etmək üçün birlikdə işlədiyimiz məsələlərdən biridir”, - amerikalı diplomat qeyd edib.

Bundan əlavə Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan Avropanın vacib qaz təchizatçısına çevrilib.

Ceyms O’Brayn Avropa ölkələrinin bəzilərinin Rusiya qazından tamamilə imtina etdiyini, bəzilərinin isə alınan qazın həcmini azaltdığını xatırladıb.

“Azərbaycan Avropa üçün çox mühüm təbii qaz tədarükçüsüdür. O, səkkiz ölkəyə qaz nəql edir və yaxın gələcəkdə daha dörd dövlətə qaz tədarük etməyi planlaşdırır. Bu, vacib buferdir. Avropa ölkələri Rusiya qazından imtina ediblər. Bir çox ölkələrdə Rusiyadan qaz tədarükünün faizinin sıfıra endiyini görürük. Gözləyirəm ki, gələn il Rusiyadan Moldovaya uzanan cənub boru kəmərlərindən biri Rusiya qazının tranzitini dayandırdıqda, tədarük daha da azalacaq”, - o qeyd edib.

Ceyms O’Braynın sözlərinə görə bu, Rusiyanı Avropa üzərində mühüm siyasi təsir rıçaqlarından məhrum edir.

Bundan əlavə Ceyms O’Braynın Amerikanın Səsinin Orta Dəhlizin vacibliyi ilə bağlı sualına cavabında qeyd edib ki, Orta Dəhlizə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, eləcə də ABŞ-ın maliyyə korporasiyası və digərlərinin marağı ola bilər.

"Orta Dəhlizin bütövlükdə region üçün çox vacib bir addım olduğuna inanırıq. Orta Asiya dövlətləri beynəlxalq bazara Rusiya və ya Çin vasitəsilə ixrac edirlər, indi onların Xəzər dənizi üzərindən keçərək bunu edə bilmək imkanını görürük. Bu yol Gürcüstandan keçə bilər və ya Ermənistanla Türkiyədən keçərək beynəlxalq bazara çıxması üçün böyük imkan var. Bu fürsət həm də nəqliyyat xərclərini aşağı salacaq, həmçinin geosiyasi müdaxilədən təhlükəsiz alternativlər təmin edəcək. Tacikistandan Türkiyəyə qədər bütün xalqlar bu dəhlizin açılmasından faydalanacaq. Biz inanırıq ki, bu, bütün maraqlı tərəflərin razılığı ilə edilməlidir və biz bilirik ki, bu, Ermənistan və Azərbaycan arasında anlaşmadan başlayır” o qeyd edib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Azərbaycanda görüşlər zamanı insan haqları və demokratiyanın vacibliyi məsələsinə toxunduğunu da diqqətə çatdırıb.

Ceyms O’Brayn müstəqil jurnalistlərə qarşı edilən təzyiqlərlə bağlı suala cavabında bunları deyib.

"ABŞ ifadə azadlığının və müstəqil jurnalistikanın vətəndaş cəmiyyətinin əsas hissəsi olduğuna inanır. Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik. Bunu etməyə davam edirik. Söhbət zamanı vurğulanmışdır ki, müstəqil jurnalistikanın açıqlığı və irəliləməsi cəmiyyətin inkişafının və yetkinləşməsinin mühüm hissəsidir", diplomat bildrib.

Ceyms O’Brayn həmçinin ABŞ Azərbaycanın NATO sammitinə dəvət edildiyini qeyd edib.

"Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın da daxil olduğu NATO tərəfdaşlarının tədbirinə ev sahibliyi edəcək. Mən hər iki ölkənin iştirakını gözləyirəm. Bu ölkələr də daxil olmaqla, ümümilikdə 30 ölkə orda birgə iştirak edəcək", - o deyib.

Qeyd edək ki, NATO-nun Vaşiqnton sammiti 9-11 iyul tarixlərində keçiriləcək.

Forum

XS
SM
MD
LG