Accessibility links

Azərbaycan-ABŞ münasibətləri müzakirə edilib


İlham Əliyev və Ceyms O’Brayn (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev və Ceyms O’Brayn (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

İyunun 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Bakıda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iki ölkə arasında əlaqələrin inkişafı məsələlərini və Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir ki, Ceyms O’Brayn ABŞ Dövlət katibi Antoni Blinkenin bu yaxınlarda Prezident İlham Əliyev ilə telefon danışığını və bu əsnada aparılan müzakirələri qeyd edib.

“O, ABŞ-ın regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğuladı. Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrimizin strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyini qeyd etdi. Bu xüsusda regional əməkdaşlıq, Orta Dəhliz və digər məsələlər müzakirə olundu”, məlumatda qeyd edilir.

Prezident İlham Əliyev Antoni Blinkenlə telefon danışığını xatırlayıb və bu telefon danışığı əsnasında əlaqələrin geniş spektrinin müzakirə olunduğunu deyib.

“Azərbaycan ilə ABŞ arasında ölkəmizin müstəqilliyinin ilk günlərindən müxtəlif sahələrdə uğurlu əməkdaşlığın qurulduğu vurğulandı. Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıq, COP çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin səmərəli və faydalı məsləhətləşmələrinin olduğu qeyd edildi. COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın öz dəstəyini bundan sonra da davam etdirəcəyi vurğulandı”, Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Amerikanın Səsinə bildirib ki, Azərbaycan-ABŞ münasibətləri həddindən artıq strateji münasibətlər kimi qiymətləndirilə bilər.

“İllər boyu Azərbaycan-Amerika münasibətləri bütün sahələrdə inkişaf etdirilib”, o qeyd edib.

Komitə sədri hesab edir ki, ABŞ-ın milli maraqları və regionda olan maraqları Azərbaycanla münasibətləri normal və yüksək səviyyədə təşkil etməkdən keçir.

“Heç də təsadüfi deyil ki, cənab O`Brayn bu gün Azərbaycanın həm siyasi, həm iqtisadi baxımdan vacibliyini vurğulayaraq Azərbaycanla Ermənistan arasında sülhün bağlanması, Zəngəzur dəhlizi, Azərbaycanla ABŞ arasında münasibətlərin perspektivləri haqqında fikirlərini net (qəti) formada təqdim edib. Bu bizim üçün çox vacib və əhəmiyyətli məsələdir. Ona görə ki, həqiqət öz yerini tutur. Azərbaycan bu gün regionda həm siyasi, həm iqtisadi, həm də nüfuz nöqteyi-nəzərindən aparıcı dövlətdir. Ona görə də regionda hər hansı bir siyasətin həyata keçirilməsi, hər hansı bir dövlətlə münasibətin formalaşması Azərbaycanla münasibətlər çərçivəsində həyata keçirilir”, Seyidov qeyd edib.

Forum

XS
SM
MD
LG