Accessibility links

ABŞ Dövlət katibi Azərbaycanı sülh sazişini bağlamağa və haqsız həbs edilənləri azad etməyə çağırıb


Antoni Blinken
Antoni Blinken

ABŞ Dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb.

Telefon danışığı zamanı Ermənistan-Azərbaycan sülh sazişi, ikitərəfli münasibətlər, COP29 konfransı, enerji məsələləri və Azərbaycanda insan hüquqları diqqət mərkəzində olub.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller telefon danışığı barədə bildirib: “Dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişi istiqamətində davamlı irəliləyişini alqışlayıb və gecikmədən sülh sazişinin bağlanmasının vacibliyini vurğulayıb. O, Birləşmiş Ştatların tərəflər üçün faydalı olan istənilən şəkildə gələcək əməkdaşlığı dəstəkləməyə hazır olduğunu təkrar edib. ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğulayan dövlət katibi, ortaq iqlim və enerji məqsədlərimizə dair Azərbaycanla konstruktiv əməkdaşlığını vurğulayıb, ABŞ-ın COP29-un uğur qazanmasına yardım etməyə sadiq olduğunu bildirib. O, ABŞ və Azərbaycan arasında yenilənmiş və daha güclü ikitərəfli münasibətlərə çağırıb. O, bir daha Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə və haqsız yerə həbs olunanların hamısını azad etməyə çağırıb. O, Azərbaycanı bunu tez bir zamanda etməyə çağırıb”.

Azərbaycan Prezidentinin rəsmi saytının yaydığı məlumatda isə deyilir ki, telefon danışığı əsnasında Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.

“Dövlət katibi ABŞ-ın Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələrimiz arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb. Antoni Blinken ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib. Onu da əlavə edib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək”, məlumatda qeyd edilir.

Prezident İlham Əliyev regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu qeyd edərək ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini vurğulayıb.

“ABŞ-ın sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlət başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd edib", məlumatda deyilir.

Prezident İlham Əliyev "artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə edib”.

Əliyev həmçinin enerji sahəsində iki ölkə arasında çoxillik “uğurlu əməkdaşlığa toxunub, iqlim dəyişikliyi və COP29-a hazırlıq prosesi çərçivəsində ölkələrin nümayəndə heyətləri arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib və COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın dəstək niyyətinə görə təşəkkür edib”.

Dövlət başçısı Azərbaycanın da ABŞ ilə əlaqələrə əhəmiyyət verdiyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını dəstəklədiyini bildirib.

“Telefon danışığı əsnasında ölkələrimiz arasında ali səviyyədə məktub mübadilələri, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən məmnunluq ifadə edilib, həmçinin insan hüquqları və demokratiya, ölkələrin daxili qanunlarının aliliyinə hörmət kimi məsələlərə dair fikir mübadiləsi aparılıb”, məlumatda qeyd edilir.

Forum

XS
SM
MD
LG