ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
“Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Biz son 32 ildə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq üzərində tərəfdaşlıq qurduğumuz Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk. Biz bu sahələrdə, həmçinin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid kimi getdikcə daha kritikləşən qlobal problemlərlə bağlı fəaliyyətimizi dərinləşdirmək imkanını yüksək qiymətləndiririk. Birləşmiş Ştatlar Azərbaycanın Bakıda COP29-a ev sahibliyi etməsini alqışlayırıq, biz uşaqlarımızı və nəvələrimizi daha dayanıqlı və davamlı iqlim gələcəyi təmin etmək məqsədilə COP-u uğurlu etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, ABŞ Dövlət katibi Blinkenin təbrikində deyilir.
ABŞ dövlət katibi təbrikində insan hüquqları və demokratiyanın inkişafına da toxunub.
“Əməkdaşlığımız Azərbaycanın demokratik inkişafına və Azərbaycan konstitusiyasına uyğun insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı öhdəliyimizlə paralel davam edəcək”, Blinken əlavə edib.
Dövlət katibi qeyd edib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır.
“Biz bu səyləri dəstəkləməyə, uzun müddətdir davam edən münaqişədən sonra yeni səhifəni açmaq və daha yaxşı gələcək qurmaq üçün hazırıq. Biz əlaqələri gücləndirəcək və bütün regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi şərəfinə bu mühüm bayramda mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm”, təbrikdə qeyd edilir.
Bundan öncə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Amerika xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Mayın 28-də Azərbaycanda Müstəqillik Günü qeyd edilir. Müsəlman Şərqində ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 106-cı ildönümüdür.
Müstəqillik Günü dövlət bayramları sırasına daxildir, ölkədə iş günü deyil. Bu gün ümumxalq səviyyəsində qeyd edilir. Çoxsaylı insanlar, siyasi partiya təmsilçiləri Bakıın Novxanı kəndində respublikanın qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edir, bayram toplantıları keçirir.
1917-ci ildə Rusiyada baş verən Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə bu ölkədə xalqların milli hərəkatı başlayıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət elan edilib. İstiqlal Bəyannaməsi qəbul edilib.
Forum