Accessibility links

Jurnalistin həbs müddəti uzadılıb


Nərgiz Absalamova
Nərgiz Absalamova

Mayın 25-də Xətai rayon məhkəməsində “Abzas Media işi” üzrə həbs edilmiş jurnalist Nərgiz Absalamova barəsində çıxarılan həbs qətimkan tədbiri daha 22 gün uzadılıb.

Məhkəmə iclasında hakim istintaq orqanının həbs müddətinin uzadılması ilə bağlı təqdimatını təmin edib.

Bu barədə jurnalistin vəkili Rövşanə Rəhimli məlumat verib. Vəkilin sözlərinə görə, məhkəmənin qərarı qanunsuzdur:

"Nərgizin həbsdə saxlanılması üçün hər hansı bir qanuni əsas yoxdur. Bu vəsatət və təqdimatın qəbul edilməsi tamamilə qanunsuzdur. Nərgiz Absalamova özünü təqsirli bilmir, hər dəfə də bunu qeyd edir. O, həbsdə saxlanılma müddətinin uzadılmasına etirazını bildirir. Saxlanma şəraiti ilə bağlı narazılığı var. Xüsusilə Xətai rayon məhkəməsinə gətirilən zaman kiçik və siqaret qoxusunun çox olduğu otaqda saxlanılır. Bununla bağlı müvafiq qurumlara şikayətimizi ünvanlayacağıq".

Nərgiz Absalamovanın həbs müddəti artıq ikinci dəfədir ki, uzadılır. Bu ilin fevralından etibarən “Abzas Media”nın bu iş üzrə həbs edilmiş digər 5 əməkdaşının da həbs müddəti uzadılıb.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilir.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Forum

XS
SM
MD
LG