Accessibility links

ABŞ Dövlət katibinin köməkçisi Bakıya səfər edir


ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iyunun 27-də Azərbaycana səfər edəcək.

ABŞ Dövlət Departamentinin məlumatına görə, O'Brayn Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla, Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcək.

Dövlət katibinin köməkçisinin görüşlər zamanı ABŞ-Azərbaycan ikitərəfli münasibətlərindəki irəliləyişləri və Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına ABŞ-ın dəstəyini vurğulayacaq.

Ceyms O’Braynın həmçinin Azərbaycanın beynəlxalq insan haqları öhdəliklərinə sadiq qalmasının vacibliyini bir daha vurğulamaq üçün vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcəyi bildirilir.

Azərbaycan-Ermənistan sülh sazişi, ikitərəfli münasibətlər, COP29 konfransı, enerji məsələləri və Azərbaycanda insan hüquqları vəziyyəti ABŞ dövlət katibi Antoni Blinkenlə Azərbaycan prezidenti İlham Əliyev arasında iyunun 20-də baş tutan telefon danışığı zamanı diqqət mərkəzində olub.

“Dövlət katibi Blinken Azərbaycan Prezidenti Əliyevlə ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülhə dəstəyi və ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, o cümlədən iqlim və enerji məqsədləri barədə danışıb. O, prezident Əliyevi haqsız yerə həbs olunanların hamısını tez bir zamanda azad etməyə çağırıb”, Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Azərbaycanın rəsmi mənbələri isə bildirib ki, telefon danışığı əsnasında Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.

“Dövlət katibi ABŞ-ın Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələrimiz arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb. Antoni Blinken ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib. Onu da əlavə edib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək”, Azərbaycan Prezidentinin mətbuat xidməti qeyd edib.

Forum

XS
SM
MD
LG