Accessibility links

ABŞ Dövlət katibinin köməkçisi Bakıda hüquq müdafiəçiləri və Qubad İbadoğlu ilə görüşüb


Ceyms O`Brayn və Qubad İbadoğlu (Mənbə: Sosial şəbəkə)
Ceyms O`Brayn və Qubad İbadoğlu (Mənbə: Sosial şəbəkə)

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Azərbaycana səfəri zamanı, iyunun 28-də bir qrup yerli hüquq müdafiəçisi, həmçinin 274 gün həbsdən sonra barəsində ev dustaqlığı imkan tədbiri seçilən London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlu ilə görüşüb.

Bu barədə Ceyms O'Brayn X platformasında yazıb.

“Doktor Qubad İbadoğlu ilə görüşmək, dinamik vətəndaş cəmiyyətinin əhəmiyyətini müzakirə etmək şərəfdir. Biz onun tez bir zamanda tam azad edilməsi üçün çağırışlarımızı davam etdiririk”, o qeyd edib.

ABŞ Dövlət katibinin köməkçisi bildirib ki, Bakıda insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyəti xadimləri ilə də görüşüb.

“Görüşdə Azərbaycan hökumətini insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə çağırışımızı təkrarladıq”, o qeyd edib.

İyunun 28-də keçirdiyi brifinqdə O'Brayn Azərbaycanda müstəqil mətbuata təzyiqlə bağlı da şərh verib.

"ABŞ ifadə azadlığının və müstəqil jurnalistikanın vətəndaş cəmiyyətinin əsas tərkib hissələri olduğuna inanır. Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik və buna davam edirik", O'Brayn bildirib.

Onun sözlərinə görə, Bakıdakı görüşlərində "müstəqil jurnalistikanın cəmiyyətin inkişafının və yetkinləşməsinin vacib tərkib hissəsi olduğu vurğulanıb".

Xatırladaq ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn iyunun 27-28-də Bakıda səfərdə olub. O, səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov daxil olmaqla, Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib.

Dövlət katibinin köməkçisi görüşlər zamanı ABŞ-Azərbaycan ikitərəfli münasibətlərindəki irəliləyişləri və Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına ABŞ-ın dəstəyini vurğulayıb.

O’Brayn həmçinin ABŞ-ın Azərbaycanın beynəlxalq insan haqları öhdəliklərinə sadiq qalmasının vacibliyini bir daha vurğulamaq üçün vətəndaş cəmiyyəti üzvləri ilə görüşüb.

Forum

XS
SM
MD
LG