Accessibility links

Ceyms Uorlik: Azərbaycanla əlaqələr son dərəcə vacibdir


Ceyms Uorlik: Azərbaycanla əlaqələr son dərəcə vacibdir
please wait

No media source currently available

0:00 0:07:05 0:00

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Birləşmiş Ştatlar və Azərbaycan arasında ikitərəfli münasibətlərdə irəliləyiş və ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının imzalanmasına dəstəyini müzakirə etmək üçün Azərbaycana səfər edib. Səfər zamanı O’Brayn Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Dövlət katibinin köməkçisi Azərbaycan və Ermənistan arasında keçən ay sərhədin müəyyən edilməsinə dair əldə edilən razılaşmanı mühüm irəliləyiş kimi qiymətləndirib. ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın yüksək səviyyəli diplomatı Ceyms Uorlik Amerikanın Səsinə müsahibədə ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Braynın Azərbaycana səfəri, ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə edilməsi istiqamətində hazırkı səyləri və iki ölkə arasında sülhə nail olunmasının prespektivləri haqda danışıb.

Amerikanın Səsi: ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn ABŞ-Azərbaycan ikitərəfli münasibətlərində irəliləyiş və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh sazişinə dəstəyini müzakirə etmək üçün prezident Əliyev və xarici işlər naziri Bayramov da daxil olmaqla, yüksək vəzifəli rəsmilərlə görüşmək üçün Azərbaycana səfər edir. Bu, onun regiona ikinci səfəridir. Bu ayın əvvəlində dövlət katibinin köməkçisi Yerevanda olub, ABŞ-ın sülh sazişinin əldə olunmasında irəliləyişə, o cümlədən Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadəsinə dəstəyini müzakirə edib. Birləşmiş Ştatların nail olmağa çalışdığı məqsədləri qeyd edə bilərsinizmi?

Ceyms Uorlik: Dövlət katibinin köməkçisi O'Braynın bölgə ilə məşğul olduğunu eşitmək ümidvericidir. Təfərrüatlarını bilməsəm də mənim başa düşdüyümə görə, onun Ermənistana uğurlu səfəri olub. Azərbaycanla əlaqələr son dərəcə vacibdir. Azərbaycan uzun illərdir ki dostdur və bu, təkcə ikitərəfli münasibətlər üçün deyil, ən əsası Azərbaycan və Ermənistan arasında sülh sazişi üçün mühüm dövrdür. Buna görə də onun səfəri çox vaxtında edilmiş səfərdir və ümid edirəm ki, bu, irəliyə doğru müəyyən müsbət addımlarla nəticələnəcək.

Amerikanın Səsi: Son bir il ərzində Azərbaycan və Ermənistan arasında ikitərəfli və çoxtərəfli danışıqlar aparılıb və bu danışıqlarda hər iki tərəf sülh prosesinə sadiqliyini ifadə edib. Keçən ay hər iki ölkə arasında sərhədi müəyyən edən razılaşma əldə edib. Dövlət katibinin köməkçisi O'Brayn razılaşmanı irəliyə doğru atılmış mühüm addım adlandırıb. Bu mərhələdə uzunmüddətli sülh perspektivləri haqda nə deyə bilərsiniz?

Ceyms Uorlik: Düşünürəm ki, perspektivlər heç vaxt daha yaxşı olmayıb, amma prosesdə ilk addım razılığın əldə olunmasıdır. Mənim anladığım qədər bu, tam, tamamlanmış sülh sazişi olmayacaq. Bu, çərçivə sazişi olacaq və bu, tərəflərin sərhədin demarkasiyası, nəqliyyat və hər iki tərəfi narahat edən digər məsələlər kimi mühüm məsələlərdə irəliləyə biləcəyi prinsiplərə əsaslanan belə bir sazişin imzalanmasından sonra irəliyə doğru atılmış müsbət addımdır. Lakin bu, zəruri ilk addımdır.

Amerikanın Səsi: Hazırda dərhal diqqət tələb edən təxirəsalınmaz məsələlər hansılardır və ABŞ unikal diplomatik mövqeyindən istifadə edərək iki ölkə arasında razılığın əldə olunmasına necə kömək edə bilər?

Ceyms Uorlik: Müzakirə olunan üç əsas məsələ var və bundan artıq da ola bilər. Bunlardan birincisi sərhəddəki kəndlər idi. Ermənistan bu dörd kəndi Azərbaycana qaytarmaqla və bu öhdəliyi götürməklə bu problemi həll etdi. İkinci məsələ sərhədin demarkasiyasıdır. Bunun sovet sərhədləri əsasında həyata keçirilməsi ilə bağlı razılıq olsa da, təbii ki, hansı xəritələrdən istifadə edildiyi və sərhədin dəqiq harada olması ilə bağlı mübahisəli məsələlər olacaq. Ancaq bunlar barışılmaz fərqlər deyil və düşünürəm ki, zaman keçdikcə bu sahəni bilən mütəxəssislər bu məsələnin həllində uğur qazana bilərlər. Üçüncü məsələ Azərbaycanı Ermənistan üzərindən Naxçıvana birləşdirəcək dəhliz, Zəngəzur dəhlizi məsələsidir. Bu məsələdə irəliləyişin vacib olduğuna inanıram. Bunun nəyə bənzədiyi, avtomobil və ya dəmir yolu xətti olması hələ də aydın deyil, lakin bu, hər iki ölkənin marağındadır. Açığını deyim ki, bu, nəqliyyat əlaqələrinin genişləndirilməsi zaman keçdikcə regiona firavanlıq gətirə bilərdi.

Amerikanın Səsi: Bəzi müşahidəçilər Rusiyanın diqqətini Ukraynada müharibəyə yönəltdiyinə görə regionda təsirinin azaldığını düşünür. Bununla belə, başqaları Rusiyanın məqsədlərinin dəyişməz qaldığını və Cənubi Qafqazda maraqları olduğunu iddia edirlər. Rusiyanın regionda məqsədləri nədən ibarətdir və Moskvanın Azərbaycanla Ermənistan arasında sülh prosesində hansı rol oynayır?

Ceyms Uorlik: Heç bir şübhə yoxdur ki, Rusiyanın regionda böyük marağı var və bu, bütün diqqət Ukraynaya yetirilsə belə dəyişməyəcək. İnanıram ki, Rusiya cənub sərhədində sabitlik və firavanlıq olmasını istəyəcək. Mənim fikrimcə, xaos və münaqişə Rusiyanın marağında deyil. Onlar Azərbaycandan Naxçıvana və potensial olaraq Türkiyəyə dəmir yolu xətti vasitəsilə kommunikasiya əlaqələrinin yaradılmasında maraqlıdırlar. Bütün bunların Rusiyanın sonda diqqət yetirəcəyi məsələlər olduğunu və Rusiyanın sülh prosesində maraqlı olduğunu düşünürəm. Deyə bilərəm ki, dünyada uzun illərdir Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həlli məsələsi ilə xarici işlər naziri Lavrov qədər məşğul olan yüksək səviyyəli liderlər çox azdır. Bunun dəyişəcəyini düşünmürəm. Rusiya hökuməti hərbi münaqişənin olmamasında maraqlıdır. Təbii ki, onlar hər iki ölkədə öz təsirlərini saxlamaqda maraqlı olacaqlar. Ermənistanda siyasi vəziyyətin necə dəyişdiyini gördükcə bunu diqqətlə izləmək lazımdır. Bundan əlavə, Azərbaycanda hazırda bir sıra məsələlər həll edildikcə prezident Əliyevin Qərblə və ABŞ-dakı maraqları ilə Rusiyanın regiondakı maraqlarını balanslaşdırması vacib olacaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG