Accessibility links

Bəşir Süleymanlı: 2014-cü ildə Azərbaycanda qəbul edilən qanun bu gün Gürcüstanda qəbul edilən qanundan daha ağırdır


Bəşir Süleymanlı, hüquq müdafiəçisi
Bəşir Süleymanlı, hüquq müdafiəçisi

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə müsahibəsində Gürcüstanda qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanunun region ölkələrinə təsirlərindən, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının mövcud durumundan danışıb.

Amerikanın Səsi: Gürcüstan Parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb. Bu qanunun Gürcüstanda vətəndaş cəmiyyətinin, medianın fəaliyyətinə hansı təsirləri olacaq?

Bəşir Süleymanlı: Təbii ki, Gürcüstanda vətəndaş cəmiyyəti və müstəqil media Avroatlantik məkana inteqrasiyanın əsas vasitələrindən biridir. Onlar cəmiyyətə bu sahədə, ümumiyyətlə azad sözün çatdırılması üçün fəaliyyət göstərir. Hazırda qəbul olunan qanun böyük sayda vətəndaş cəmiyyətini və müstəqil medianı əhatə edəcək. Gürcüstanda təqribən 20 minə yaxın qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu qanunun qəbulu onların fəaliyyətinin get-gedə məhdudlaşdırılmasına səbəb olacaq. Bəzən bildirirlər ki, bu qanun digər ölkələrlə anaologiya təşkil edir. Məsələn, ABŞ-da olan aktla eyniləşdirirlər. Amma biz nəzərə alaq ki, postsovet məkanında agent ifadəsi heç də yaxşı assosiasiya olunmur və cəmiyyətydə xarici agent kimi qeydiyyatdan keçən bir quruma insanların münasibəti yaxşı olamayacaq. Həmin qurumlara qarşı getdikcə bir şübhəli yanaşmalar olacaq, antipatiya olacaq. Cəmiyyət həmin qurumların fəaliyyətində iştirakdan çəkinəcək. Bu qanunun tətbiqi xüsusən buna əsaslanıbdır ki, insanlar getdikcə müstəqil medianın, vətəndaş cəmiyyətinin ətrafında təmərküzləşmədən çəkinsin, o cümlədən ölkəyə gələn maliyyə qeydiyyata alınsın. Onların üzərinə bir nəzarət formalaşsın, fəaliyyətləri getdikcə azalsın. Beləliklə müstəqil qurumların fəaliyyəti azalacaq və mərhələli olaraq insanlar artıq bu prosesdən kənarlaşacaq. Yəni Avroatlantik məkana inteqrasiyanın əhəmiyyəti azalacaq. Bütün hallarda bu müstəqil mediaya, vətəndaş cəmiyyətinə, o cümlədən cəmiyyətə öz təsirini göstərəcək. Həmçinin də Gürcüstanda qəbul olunan qanun nəinki Gürcüstana, o cümlədən bütövlükdə Qafqaza öz təsirini gösətəcək. Yəni həmçinin Azərbaycanın vətəndaş cəmiyyətinə, ümumilikdə Qafqazla bağlı layihələrə birgə baxılır. Azərbaycan, Ermənistan, Gürcüstan vətəndaş cəmiyyəti inteqrasiyada birgə fəaliyyət göstərir. Birgə olan təşkilatlar da var. Bu təşkilatların fəaliyyətinə də öz təsirini göstərəcək.

Amerikanın Səsi: Azərbaycanda da belə bir qanunun qəbulu ola bilərmi?

Bəşir Süleymanlı: Əslində çoxları bilmir. Amma 2014-cü ildə qəbul olunan qanun, həmin Gürcüstanda qəbul olunan qanundan daha ağır bir formada Azərbaycanda qəbul olunub. Biz bəzən hətta bu məsələni qaldırarkən bildiririk ki, Azərbaycanda 2014-cü ildə qanun qəbul olunarkən və vətəndaş cəmiyyəti sıradan çıxarılarkən, bununla bağlı reaksiyaları indiki şəkildə görmədik. Azərbaycana qarşı həmişə ögey münasibət var. 2014-cü ildə Azərbaycanda qəbul edilən qanun bu gün Gürcüstanda qəbul edilən qanundan daha ağırıdır. Çünki Gürcüstanda ən azı bildirilir ki, 20 faizi xaricdən maliyyələşənlər xarici agent kimi qeydiyyatdan keçsinlər. Keçmədikdə bunlara hansısa bir inzibati məsuliyyət yaranır. Amma Azərbaycanda ümumiyyətlə fəaliyyət göstərmək mümkün deyil. Yəni QHT-lərin qeydiyyatı demək olar ki, məhdudlaşdırılıb, qrantların, eləcə də donorların fəaliyyəti məhdudlaşdırılıb, ölkədən çıxarılıb. Bu daha ağırdır. Yəni bundan sonrakı vəziyyətdə onsuz da yoxun nəyini qeydiyyata salacaqlar.

Amerikanın Səsi: Azərbaycanda hazırda vətəndaş cəmiyyətinə, mediaya rəsmi münasibəti necə dəyərlədirərdiniz? Ölkədə xarici qrantlar hesabına maliyyələşən vətəndaş cəmiyyəti təşkilatları və media varmı?

2014-cü ildə Azərbaycanda qəbul olunan qanun, həmin Gürcüstanda qəbul olunan qanundan daha ağır formadadır.

Bəşir Süleymanlı: Əslində burada bir paradoksal hal var. Mən burada kiçik bir haşiyə çıxmaq istəyirəm. Azərbaycan hökümətinin qrantlara münasibəti o qədər aqressivdir ki, sanki xaricdən maliyyələşməyi düşmən fəaliyyəti kimi əlaqələndirirlər. Amma biz baxdıqda Azərbaycan hökümətinin özü xaricdən kifayət qədər həm qrantlar, həm də yardımlar alır. Amma belə olan təqdirdə bunların heç biri ilə bağlı belə sorğulanma olmur. Kimlərəsə bunu qaranlıq məqamlar kimi, dövlətin müəyyən bir strukturunun xaricdən asılılığı kimi qiymətləndirilmir. Əksinə alqışlayırlar, bildirilər ki, hansısa bir sahədə yadımlara ehtiyac varsa, biz xarici təcrübədən, texniki vasitələrdən istifadə etməliyik, yardımlardan istifadə etməklə islahatları aparmalıyıq. Amma, müstəqil mediaya, vətəndaş cəmiyyətinə ayrılan qrantlarla dövlətə ayrılan qrantlar arasında bir-biri ilə müqayisə olunmaz dərəcədə fərqlilik var. Tutaq ki, vətəndaş cəmiyyətinə il ərzində bir neçə yüz min maliyyə ayrılırsa, bu məbləq dövlətin hansısa bir qurumuna, hansısa nazirliyinə, komitəyə yalnız bir dəfə ayrılan qrant müqaviləsində (bir milyon, milyon yarım) əksini tapır. Dövlətin münasibəti də narahatlıq yaradır. Müxtəlif yanaşma var. Burada bir narahatlıq yaranır ki, hökümət nümayəndələri, dövlət institutları alanda yaxşı hal kimi qəbul edilir. Amma müstəqil vətəndaş cəmiyyəti alanda xaricdən aslılıq, yaxud da xaricin hansısa bir sifarişləri yerinə yetirmək kimi assosiyasiya olunur. Bu da belə deyil. Necə ki, dövlət öz islahatlartını həyata keçirmək üçün alır bu doğrudur, o cümlədən də vətəndaş cəmiyyəti, media öz fəaliyyətini müstəqil maliyyə ilə həyata keçirir.

Amerikanın Səsi: Azərbaycan qanunvericiliyinə görə, ölkədə xarici qrantlarla maliyyələşmə necə həyata keçirilir?

Bəşir Süleymanlı: Qeyd elədiyim kimi 2014-cü ildə qaydalar o qədər sərtləşdirilib ki, bu qaydalar çərçivəsində fəaliyyət göstərmək mümkün deyil. Birincisi burada donorun ölkədə qeydiyyatdan keçməyi vacibdir. Azərbaycan qanunları kənar olan donorun ölkəyə maliyyə ayırmasını tanımır. Donor birinci Ədliyyə və Maliyyə Nazirliklərindən qeydiyyatdan keçməlidir. Bu əsaslandırılmalıdır ki, bu istiqamətdə fəaliyyətin həyata keçirilməsində Azərbaycanda əsas var. Bunu qeydiyyatdan keçirmədikdə qrantın həyata keçirilməsi mümkün deyil. Hətta qeydiyyatdan keçdikdən sonra onlar qrant elan etdikdə, bu da yenidən Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidir. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirib, bildiriş vermədiyi təqdirdə maliyyəni almaq mümkün deyil. Bir neçə bürokratik mərhələləri keçməklə, bu qrantların artıq qarşısı kəsilir və demək olar ki, ora çatımlılıq mümkün deyil. Belə olan təqdirdə müstəqil media, vətəndaş cəmiyyəti bu prosesdə fəaliyyət göstərə bilmir. O cümlədən donorlar Azərbaycana gəlib fəaliyyət göstərə bilmir. Donorlar artıq 2014-cü ildən sonra ölkəni tərk eləməyə məcbur qalıblar. Amma çox cüzi şəkildə təşkilatlar var ki, onlar müəyyən sahələrə dəstək verirlər. O da çox bürokratik, birbaşa hökümətin nəzarətində olan müstəqil olmayan QHT-lərə verilir.

Qeyd: Azərbaycan hökuməti ölkədə fundamental hüquqların, o cümlədən media, birləşmək azadlığının tam təmin edildiyini bəyan edir. Son zamanlar çoxsaylı media əməkdaşlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin həbsinin maliyyə qaçaqmalçılığı ilə bağlı olduğunu bildirir. Hökumət rəsmiləri ölkədə minlərlə QHT və medianın fəaliyyət göstərdiyini deyir. Bununla yanaşı yerli hüquq müdafiəçiləri ölkədə 300-dək siyasi məhbusun olduğunu bildirir. Azərbaycan qlobal azadlıq indeksində 100 mümkün baldan yalnız 7 bal toplayaraq azad olmayan ölkələr sırasında yer alıb.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG