Accessibility links

İctimai fəal ikinci dəfə BŞBPİ-də şahid qismində dindirilib


Elgiz Qəhrəman
Elgiz Qəhrəman

Mayın 30-da ictimai fəal Elgiz Qəhrəman Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) ikinci dəfə şahid qismində dindirilib. Fəalın sözlərinə görə, bu dəfə onu birinci verdiyi ifadədəki bəzi detalları dəqiqləşdirmək üçün çağırıblar:

“Əlavə bir şey olmadı, yenidən çağıra biləcəklərini dedilər. İstintaq sirri olduğu üçün hansı iş üzrə çağırıldığımı deyə bilmərəm. Bildirdilər ki, ölkəni tərk etmə. Onsuz da ölkədən çıxışıma məhdudiyyət var deyə ölkəni tərk edə bilmərəm. Dedilər istintaq hərəkətləri bitəndə bu barədə düşünüləcək”.

Fəal BŞBPİ-də ona heç bir fiziki və psixoloji təzyiq göstərilmədiyini bildirib.

Son 6 ayda bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi Bakı Şəhər Baş Polis İdarəsində “Abzas Media”, “Toplum Tv” işi üzrə açılan cinayət işinə görə şahid qismində dindirilməyə çağırılırlar.

"Abzas Media" ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Aprelin 18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda "Abzas Media" işi üzrə "Meclis.info" saytının rəhbəri İmran Əliyev də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə 2 ay və 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sayt rəhbərinin zorakılığa məruz qaldığı, məhkəməyə gözünün altı göyərmiş şəkildə gətirildiyi bildirilir.

Aprelin 26-da İmran Əliyevə qarşı Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq - təkrar törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Aprelin 27-də iqtisadçı Toğrul Vəliyev Bakı Şəhər Baş Polis İdarəsinə "Abzas Media" ilə bağlı dindirilməyə çağırılıb.

Aprelin 24-də və 25-də “Abzas Media işi” ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə şahid qismində çağırılan "Sosial Hüquqlar Mərkəzi"nin əməkdaşları Ayşən Muradova və Qədir Qədirli dindirildikdən sonra sərbəst buraxılıblar.

Aprelin 17-də "Abzas Media işi" ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində jurnalist Mina Əlyarlı, aprelin 16-da İnarə Hünbətova, aprelin 17-də isə Şəms Hacıyeva da dindiriliblər.

Aprelin 10-da isə jurnalist İsmayıl Tağıyev də "Abzas Media işi" üzrə dindirilməyə çağırılıb, daha sonra sərbəst buraxılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb. Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG