Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə müsahibəsində məhkəmələrdə ictimai maraq kəsb edən cinayət işləri ilə bağlı apardığı monitorinqlərdən danışıb.
Amerikanın Səsi: Siz il ərzində Azərbaycanda məhkəmə proseslərinin monitorinqini aparıbsınız? Məhkəmə istintaqı ilə ibtidai istintaqın gəldikləri nəticələr arasında fərqlərlə rastlaşıbsınız?
Zəfər Əhmədov: Burada həm müddətlərdən, həm hökmlərdən, həm də ümumiyyətlə ittihamların maddələrinin yox, bəndlərinin dəyişməsindən söhbət gedir. Ümumiyyətlə, cinayət təqibinin dəyişdirilməsi yadıma gəlmir, amma cinayət maddələrinin dəyişdirilməsi olub. Məsələn, son vaxtlar bir qayda olaraq inanclı (söhbət dinarlardan gedir-red.) şəxslərin cinayət işində 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə, 5 ildən 10 ilədək həbs) maddəsi adətən 234.1-1 -ə (satış məqsədi ilə külli miqdarda törədildikdə, 3 ildən 8 ilədək həbs) dəyişdirilir. Bəndləri belə dəyişməyən məhkəmələr də qalır. Məsələn, Lənkəran, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi bunu etmir. Amma Bakı Ağır Cinayətlər Məhkəməsində, bəli son vaxtlar demək olar ki, narkotiklə bağlı işlərin (söhbət ictimai xarakterli işlərdən gedir-red) 90 faizində müvafiq olaraq ittihamlar 234.4.3 maddəsindən 234.1-1 maddəsinə keçirilir. Bununla da daha az cəza verilir. Düzdür, burada da 2021-ci ildə qanunvericilikdə dəyişiklikdən sonra 234.1-1 maddəsi az ağır cinayətlərə aid edilib. Yəni cəza müddəti 8 ilədəkdir. Bu maddənin tələbinə görə cəzả müddətinin yarısını oturmaqla azadlığa buraxılma imkanı olur. Bu, az da olsa inam yaradır.
Amerikanın Səsi: Sizin monitorinq apardığınız məhkəmə proseslərində bəraət qərarları olub? Yaxud indi siyasi iş kimi xarakterizə edilən işlərdə daha çox hansı ittihamlarla qarşılaşırsınız?
Zəfər Əhmədov: Birincisi, mən özümün monitorinq apardığım işlərdə bəraət hökmü ilə rastlaşmamışam. Ancaq bizim siyasi işlərə çıxan vəkillərin işlərində bəraət hökmü olub. Vəkillər Zibeydə Sadıqovanın, Zabil Qəhrəmanlının müdafiə etdiyi işlərdə bəraət hökmləri olub. Qaldı ki, ittihamlara, dindarların cinayət işlərinin demək olar ki, hamısı narkotik ittihamlarıdır. Siyasi mühacirlərin cinayət işlərində də əsasən narkotik ittihamlarıdır. Yalnız bir siyasi mühacirdə başqa ittihamdır. Qalan cinayət işləri də indi başalyıb. Bu da jurnalistlərin işidir. Onların işində də Cinayət Məcəlləsinin 206-cı maddəsi (qaçaqmalçılıq) dəbə düşüb.
Amerikanın Səsi: Sizcə ölkədə məhkəmə sistemində islahatlara ehtiyac duyulur? Bu islahatlar necə aparılmalıdır?
Zəfər Əhmədov: Azərbaycan məhkəmə sistemində, nəinki islahtalar, inqilabi islahatlar lazımdır. Çünki Azərbaycanda məhkəmə sistemi ildən-ilə pisləşir. Ümumiyyətlə götürəndə məhkəmə sistemində inqilabi dəyişikliklərə ehtiyac var. Ona görə ki, məhkəmə sistemi yox dərəcəsinə gəlib çıxıb. Bilirsiniz, absurd məsələlər yaranır. Hətta polisin saxlama protokolunun üzərində karandaşla yazdığı rəqəm məhkəmə üçün əsas olur ki, ona 20 sutka və ya 30 sutka inzibati həbs verilsin. Məhkəmə adətən detalları araşdırmağa çalışmır. Adi bir misalı götürmək istəyirəm. Məsələn, narkotik satışı işlərində, mən səmimi deyirəm, ola bilər kimsə inanmaz, son 7 ildə mənə rast gəlməyib ki, narkotik satışı ilə bağlı hansısa sübut ortaya qoysunlar. Heç buna cəhd belə olmayıb. Burada ancaq siyasi işlərdən söhbət gedir. Mən ancaq siyasi işləri, ictimai maraq kəsb edən işləri monitorinq edirəm. Məhkəmə heç maraqlanmır. Son zamanlar satışla bağlı sübut olmur, ittihamı külli miqdarada bəndinə keçirirlər. Amma, belə götürəndə demək olar ki, məhkəmə istintaqın gəldiyi nəticə ilə razılaşır.
Amerikanın Səsi: Məhkəmələrin inzibati işlərlə bağlı qərarları nə deyir? Daha çox hansı inzibati işlərə baxılır?
Zəfər Əhmədov: Bəhanələrdən, səbəblərdən asılı olmayaraq bir qayda olaraq İnzibatri Xətalar Məcəlləsinin 535.1 (Polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddəsindən söhbət gedir. Bütün inzibati saxlamalarda bu maddələrdən söhbət gedir. Əvvəlcə 510-cu maddəni verirlər, yəni 10 sutka inzibati həbs nəzərdə tutur. Məhkəmənin gedişində 535-ci maddəni də tətbiq edirlər və 30 sutkaya qədər inzibati həbs verirlər. Cəmi bir dəfə narkotiklə tutublar.
Amerikanın Səsi: Məhkəmələrdə vəkillərin durumu necədir? Onların sübutları hakimlər tərəfindən nəzərə alınırmı?
Zəfər Əhmədov: Bir kəlmə ilə də cavab vermək olar ki, xeyr. 99,9 faiz işlərdə vəkillərin sübutları nəzərə alınmır. Vəkillər sağ olsunlar, işləyirlər. Düzdür vəkillər hakimlər tərəfindən çox diqqətlə dinlənilir, elə hiss edirsən ki, vəkillə razılaşacaq. Ancaq son nəticədə hakimlər bildiklərini edir. Əsaslı vəsatətlərin, işə təsir edən vəsatətlərin 90 faizi qəbul olunmur. İşin nəticəsinə təsir edən vəsatətlərin demək olar ki, heç biri, nadir istisnalar olmaqla qəbul edilmir. Son vaxtlar vəkil Osman Kazımovun müdafiəsində bir işdə nəticəyə təsir edən bir vəsatət qəbul olundu. Amma, onsuz da sonda qərar hakimin istədiyi qərar oldu.
Qeyd: Bu hüquq müdafiəçisi Zəfər Əhmədovun fikirləridir. Azərbaycan rəsmiləri ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, bütün insanların qanun qarşısında bərabər olduğunu bəyan edir. Bununla yanaşı, Azərbaycanda ictimai maraq kəsb edən məhkəmə qərarları ilə bağlı onlarla şikayəti Avropa İnsan Hüquqları Məhkəməsi təmin edib.
Həmçinin Azərbaycan Prezidentinin hələ 2019-cu ildə imzaladığı fərmanda deyilir ki, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinə zərurət var.
“Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”, sənəddə qeyd edilir.
Forum