Accessibility links

Azərbaycan fələstinli qaçqınlara 1,6 milyon dollar maliyyə yardımı ayırıb


İslam Əməkdaşlıq Təşkilatı İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələri müzakirə edir (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
İslam Əməkdaşlıq Təşkilatı İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələri müzakirə edir (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Oktyabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr müzakirə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov müzakirələrdə iştirak etmək üçün Ciddə şəhərinə səfər edib.

Ceyhun Bayramov çıxışında bildirib ki, bölgədəki təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə nəticələnən son hadisələr narahatlıq doğurur. O Azərbaycanın hərbi əməliyyatların və eskalasiyanın dayandırılmasına çağırdığını bəyan edib.

Nazir dinc insanların həyatına qarşı təhlükənin, habelə mövcud vəziyyətin gərginləşdirilməsinin qarşısının alınması istiqamətində mülki və infrastruktur obyektlərinin, habelə müqəddəs yerlərin qorunmasının vacibliyini vurğulayıb: “Münaqişə coğrafiyasının mümkün genişlənməsi ilə bağlı xəbərlər narahatlıq doğurur”.

"İslam həmrəyliyinə hər zaman sadiq qalan Azərbaycanın Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini" qeyd edən nazir Bayramov, Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin "Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması" ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib.

Münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycanın səylərindən bəhs edən Ceyhun Bayramov, ölkəsinin fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verdiyini diqqətə çatdırıb.

Xüsusilə, Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəsinin bu problemlə xüsusi diqqət yetirdiyi, bu xüsusda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyi bildirilib.

Nazir Ceyhun Bayramov bundan sonra da İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səylərini davam etdirəcəyini bildirib.

HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycan əsilli şəxslərin sayı 8-ə çatıb.

HƏMAS militantlarının İsraildə azı 1200 nəfərin ölümünə səbəb olan hücumundan sonra İsrail cavab kampaniyasını davam etdirərək, Qəzza zolağında yollara və binalara hava zərbələri endirib.

Fələstin səhiyyə rəsmiləri bildirib ki, İsrailin HƏMAS-ın hücumunun başlamasından sonra hava zərbələrini həyata keçirməsindən bəri Qəzzada minlərlə insan ölüb, 10 000-dən çox insan yaralanıb.

Forum

XS
SM
MD
LG