Azərbaycanın İsraildəki səfirliyi İsraildən Azərbaycana həyata keçiriləcək aviareyslərin tarixini açıqlayıb.
Səfirliyin "X" (keçmiş Twitter)hesabında paylaşımda bildirilib ki, "Israir Airlines" oktyabrın 20-si, 23-ü, 25-i və 30-da saat 17:45-də Təl-Əviv - Bakı istiqamətində olacaq uçuşlar üzrə biletlərin satışını elan edib.
Ötən həftə Azərbaycanın İsraildəki səfirliyinin yaydığı məlumata görə, İsraildən 72 nəfər Azərbaycana yola salınıb.
“12-13 oktyabrda Azərbaycanın İsraildəki səfirliyi və Azərbaycan Hava Yollarının birgə əməkdaşlığı çərçivəsində 72 nəfər Azərbaycan vətəndaşı və Azərbaycan əsilli İsrail vətəndaşları Mahaçqala, Dubay şəhərləri üzərindən və birbaşa reys vasitəsilə Bakıya yola salınıb”, Azərbaycanın İsrailədki səfirliyi X hesabında bildirib.
Həmçinin Azərbaycan səfirliyi HAMAS-ın hücumu nəticəsində öldürülən Azərbaycan yəhudilərinin ailələrinə başsağlığı verib.
"Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyi ikisi Azərbaycan vətəndaşı olmaqla səkkiz azərbaycanlı yəhudinin faciəvi şəkildə həlak olmasından kədərlənir. Fikirlərimiz qurbanların ailələrinin və yaxınlarının yanındadır", X sosial şəbəkə paylaşımında qeyd olunub.
Xatırlatma
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, İsraildə 75 min azərbaycan əsilli insan yaşayır. İsraildə hazırda olan Azərbaycan vətəndaşlarının sayı barədə isə rəsmi statistik rəqəm hələ elan edilməyib.
HƏMAS militantlarının İsraildə azı 1200 nəfərin ölümünə səbəb olan hücumundan sonra İsrail cavab kampaniyasını davam etdirərək, Qəzza zolağında yollara və binalara hava zərbələri endirib.
Fələstin səhiyyə rəsmiləri İsrailin HƏMAS-ın hücumunun başlamasından sonra hava zərbələrini həyata keçirməsindən bəri Qəzzada ölənlərin sayının 2088 nəfərə yüksəldiyini, 10 000-dən çox insanın yaralandığını bildirib.
Forum