Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə prezidenti Salome Zurabişvilinin konstitusiyanı pozduğunu müəyyən edib və onun impiçmenti proseduruna başlanmasına icazə verib. Bu barədə məlumatı Exo Kavkaza verib.
Gürcüstan parlamenti üzvlərinin impiçmentlə bağlı müraciətini Konstitusiya Məhkəməsinin altı üzvü dəstəkləyib, üçü əleyhinə çıxıb.
İndi parlament iki həftə ərzində prezidentin impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılması məsələsinə baxıb, səsvermə keçirməlidir. İmpiçment qərarı parlamentin azı 100 üzvü tərəfindən dəstəklənməlidir. Bu gün 150 üzvdən ibarət Gürcüstan parlamentində 140 fəal deputat var. Parlament çoxluğuna 84 deputat, parlament müxalifətinə isə 56 deputat daxildir.
Hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının lideri İrakli Kobaxidze Konstitusiya Məhkəməsinin qərarını şərh edərkən Zurabişvilini "formal prezident" adlandırıb və əlavə edib ki, “prezidentlik müddətinin sonuncu, altıncı ilində o, tamamilə prezident olacaq siyasi və mənəvi səlahiyyətlərdən məhrumdur”.
Prezident tərəfindən Konstitusiyanın pozulması fikri hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının deputatları tərəfindən irəli sürülüb. Partiya hesab edir ki, Zurabişvili xaricə səfərləri ilə Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozur. Həmin maddəyə görə prezident xarici siyasətlə bağlı səlahiyyətlərini hökumətin razılığı ilə həyata keçirməlidir.
Salome Zurabişvili 2018-ci ilin dekabrında Gürcüstanın prezidenti olub. O, Fransada gürcü siyasi mühacir ailəsində anadan olub və 30 ilə yaxın Fransa Xarici İşlər Nazirliyində diplomat işləyib. O, Gürcüstana 2003-cü ildə gəlib. Zurabişvili əvvəlcə Fransa səfiri, 2004-cü ilin martında isə Saakaşvili hökumətində Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri olub. Eyni zamanda o, Fransa pasportunu saxlayaraq, Gürcüstan vətəndaşlığını alıb. Bu, 2013-cü ildə onun prezident seçkilərində iştirakına imkan verməyib. Mərkəzi Seçki Komissiyası onu qeydə almaqdan imtina edib. 2018-ci ildə Zurabişvili prezidentliyə namizəd kimi qeydiyyatdan keçməzdən əvvəl Fransa vətəndaşlığından imtina edib.
2005-ci ilin oktyabrında Zurabişvili nazir vəzifəsindən uzaqlaşdırılıb və Saakaşviliyə qarşı müxalifətə keçib. 2018-ci ildə o, seçkilərdə rəsmi olaraq müstəqil namizəd kimi iştirak edib. Lakin 2015-ci il parlament seçkilərində olduğu kimi, onu birbaşa hakim "Gürcü Arzusu" partiyası dəstəkləyib. Lakin 2023-cü ilin martında Zurabişvili hakim partiyanın irəli sürdüyü "xarici agentlər" haqqında qanuna etiraz edənləri dəstəkləyib.
Forum