ABŞ dövlət katibi Antoni Blinken bazar günü Qəzzaya Misirin nəzarətində olan sərhəd keçidinin yenidən açılacağını və ABŞ-ın Misir, İsrail və Birləşmiş Millətlər Təşkilatı ilə bu keçid vasitəsilə yardımın çatdırılması üçün birgə işlədiyini bildirib.
Bir neçə ölkədən yüzlərlə ton yardım günlərdir Qəzzaya təhlükəsiz şəkildə çatdırılmaq üçün Misirin Sinay yarımadasındadır, eyni zamanda, bəzi xarici pasportları olan insanlar da Rəfah keçidi vasitəsilə təxliyə üçün razılığın əldə olunmasını gözləyir.
Misir çıxılmaz vəziyyətə son qoymaq üçün diplomatik səyləri artırdığını bildirib.
“Biz bunu həyata keçirdik, Misir Qəzza zolağındakı insanlara əhəmiyyətli maddi dəstək verdi və Rəfah yenidən açılacaq,” Blinken Misir prezidenti Əbdülfəttah Sissi ilə “çox gözəl danışıqlar” olduğunu deyərək, Qahirədə jurnalistlərə açıqlamasında bildirib.
“Biz Birləşmiş Millətlər Təşkilatı, Misir, İsrail və digərləri ilə birlikdə yardımların qəbulu və ehtiyacı olan insanlara çatdırılması mexanizmini yaradırıq,” Blinken əlavə edib.
Bazar günü Birləşmiş Ştatlar veteran diplomat Devid Satterfildi ABŞ-ın Qəzzada humanitar böhrana reaksiyasına rəhbərlik etmək üçün Yaxın Şərqdə humanitar məsələlər üzrə xüsusi elçi təyin edib.
Sissi Yaxın Şərqdə diplomatik səfərdə olan Blinkenə deyib ki, İsrail oktyabrın 7-də HƏMAS-ın hücumuna indiyə qədər ən ağır hava zərbələri həyata keçirərək, qeyri-mütənasib şəkildə cavab verib.
“Reaksiya özünümüdafiə hüququndan kənara çıxıb və Qəzza zolağında 2,3 milyon insan üçün kollektiv cəzaya çevrilib,” Sisi açıqlama bildirib.
O, ekstremizmlə mübarizədə əməkdaşlığın zəruri olduğunu, yəhudilərin əvvəllər Yaxın Şərqdə azad yaşadıqlarını əlavə edib.
“Ola bilsin ki, hücumlar Avropada... başqa ölkələrdə də olub, amma bizim ərəb və İslam ölkələrində bu baş verməyib,” o deyib.
Misirin xarici işlər naziri Sameh Şukri şənbə günü CNN-ə bildirib ki, Qəzzanın İsrailin nəzarətində olmayan əsas keçidi olan Misirə gedən Rəfah keçidinin Qəzza tərəfində İsrail tərəfindən bombardman edilməsi onun fəaliyyətinə mane olub.
ABŞ şənbə günü Qəzza zolağındakı vətəndaşlarına keçidin açılacağı təqdirdə orayaa yaxınlaşmağı tövsiyə edib.
Şukri əlavə edib ki, əgər xarici vətəndaşlar sərhədi keçə bilsələr, Misir onlara vətənə qayıtmağa kömək edəcək.
Bazar günü milli təhlükəsizlik şurasının iclasından sonra Sissinin ofisindən verilən ilk açıqlamada Misirin fələstinliləri başqa ölkələrin hesabına köçürmək planlarını rədd etdiyi və Misirin öz təhlükəsizliyinin qırmızı xətt olduğu bildirilib.
Digər ərəb dövlətləri kimi Misir fələstinlilərin öz torpaqlarında qalmalı olduğunu və yardım çatdırmaq üçün çalışdığını bildirir.
Verilən bəyanata əsasən, Sisi böhranın müzakirəsi üçün sammitin keçirilməsini də təklif edib.
Misirin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Tunis və Ümumdünya Səhiyyə Təşkilatından yardım daşıyan 8 təyyarə bu günlərdə Sinayda Əl Ariş hava limanına enib, 100-dən çox yük maşınından ibarət karvan isə şəhərdə Qəzzaya daxil olmaq üçün icazə gözləyir.
ABŞ Dövlət katibi Antoni Blinken Misirə bazar günü daha öncə səfər etdiyi Səudiyyə Ərəbistanından gəlib. Blinken Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Ər-Riyadda görüşünün çox məhsuldar keçdiyini bildirib.
ABŞ Dövlət katibi İordaniya, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misiri əhatə edən Yaxın Şərq ölkələrinə turnesinə İsraildə başlayıb. Onun bazar ertəsi yenidən İsrailə səfər edəcəyi bildirilir.
Blinkenin Yaxın Şərqə səfəri ABŞ-ın mövcud münaqişənin yayılmasının qarşısını almaq üçün göstərdiyi intensiv diplomatik səylərin tərkib hissəsidir.
Forum