Accessibility links

Cəmil Həsənli: HƏMAS-ın günahkar olması dinc əhalinin qırılmasına yol açmamalıdır


Cəmil Həsənli: HƏMAS-ın günahkar olması dinc əhalinin qırılmasına yol açmamalıdır
please wait

No media source currently available

0:00 0:14:38 0:00

Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının sədri, tarix elmləri doktoru Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində İsrail-HƏMAS silahlı qarşıdurması və bunun regional təsirlərindən danışıb.

Amerikanın Səsi: İsrail- HƏMAS silahlı qarşıdurması Yaxın Şərq regionuna münasibətdə böyük güclərin soyuq müharibə dövründəki ənənəvi münasibətlərini sanki yenidən bərpa edir. Bu kontekstdə silahlı qarşıdurmanın perspektivlərini necə görürsünüz?

Cəmil Həsənli: Silahlı qarşıdurmanın perspektivinə qiymət vermək üçün bu münaqişəsinin keçmişinə qayıtmaq lazımdır. Haradasa 70-75 ilə yaxındır ki, bu problem yalnız Yaxın Şərqin deyil, dünyanın qanı axan yarasına çevrilib. İstər ötən əsrin 40-cı illərinin sonunda, istər 60-cı illərinin ortalarında, məsələn 1967-ci ildə, 1973-cü ildə burada çox qanlı müharibələr olub. Ərəb-İsrail qarşıdurmasının qurbanlarına biz diqqət yetirəndə, dəryalarca qan axıb. Bu gün də problem həllini tapmayıb. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının hələ 1948-cı ildən başlayaraq burada iki dövlətin yaradılması barədə qətnamələri olub. Bu günədək bu reallaşmayıb. Nəticə etibarı ilə regionda, xüsusilə fələstinlilərlə İsrail dövləti arasında müharibə riski həmişə yüksək olub. Müharibə hansısa bir andan asılı olub. Hansısa bir gözlənilməz hərəkət tərəflər arasında çox böyük insan itkilərinə səbəb olan qanlı müharibəyə gətirib çıxarıb. Son hadisələr də dünya üçün kifayət qədər gözlənilməz idi. Çoxları belə hesab edirdi ki, məsələ sabitləşib. Məsələni dinc yolla nizama salmağın üfüqdə hansısa bir görüntüləri görünməkdədir. Birdən-birə, oktyabrın 7-də HƏMAS təşkilatının silahlı dəstələri İsrailə hücum etdi. Bu İsrail üçün də gözlənilməz oldu. Kifayət qədər insan itkisinə səbəb oldu, əsirlər götürüldü. Əsirlərlə çox sərt rəftar edildi. Bunların hamısı hiddətləndirici hadisələrdir. Ola bilər, məsələn, yaxın günlərdə, yaxın aylarda müharibə dayansın. Amma, hələ müharibənin dayanması problemin həlli demək deyil. Tərəflər sülhü təmin etmək üçün BMT-nin bu məsələ ilə bağlı qətnamələrini təmin etmək üçün razılığa gəlməkdən çox uzaqdırlar.

Amerikanın Səsi: Hazırki eskalasiya Yaxın Şərq regionundakı dövlətlərin qarşılıqlı münasibətinə necə təsir edə bilər? Birinic Ərəb-İsrail müharibəsi zamanı ərəb dünyası birləşmişdi. İndi mövqelər arasında böyük fərqlər var.

Cəmil Həsənli: Əlbəttə, istər birinci Ərəb-İsrail qarşıdurması zamanı, istərsə də ikinci qarşıdurma zamanı şərtlər bir az fərqli idi. Məsələn, Sovet İttifaqı var idi. Bilirsiniz ki, Sovet İttifaqı bilavasitə Fələstin dövlətinin əsas müdafiəçisi, kömək edəni rolunda çıxış edirdi. Sovet İttifaqının çöküşündən sonra şərtlər dəyişdi. Beynəlxalq aləmdə də şərtlər dəyişdi. Eyni zamanda İsraili müdafiə edən qərb dünyası Sovet İttifaqının çöküşündən sonra beynəlxalq münasibətlərdə, beynəlxalq hüquqda üstün mövqelər əldə etdi. Bu baxımdan əlbəttə, beynəlxalq şərtlər baxımından İsrailn müdafiəsi kifayət qədər güclüdür. Ancaq, beynəlxalq bir nizam var. Şübhəsiz ki, günah HƏMAS-dadır. Şübhəsiz ki, insanlarla belə rəftar etmək olmaz. Şübhəsiz ki, dinc əhaliyə münasibətdə belə hallara yol vermək olmaz. Amma, HƏMAS bir terror təşkilatıdır və yaxud da bir sıra ölkələr tərəfindən tanınmış olan terror təşkilatıdır. Hansısa bir cinayətkar hansısa cinayət əməlinə yol veribsə o xalqın dinc əhalisinə münasibətdə belə qisasçılıq hissi ola bilməz. Yəni orada indi İsrailin cavab tədbirləri nəticəsində Qəzzada, məsələn, uşaqlar ölür, binalar vurulur, dinc əhali, yaşlı əhali, qadınlar qırılır. Əlbəttə, bu yolverilməzdir. Hesab edirəm ki, hələlik ki, mövqelər açıqlanır, bu mövqelər içərisindən Avropa Birliyinin mövqeyi daha sağlam mövqedir. HƏMAS bu hadisələri törədib deyibən Qəzza bölməsində yaşayan dinc ərəb əhalisinə münasibətdə belə zorakılıq, belə qəddarlıq yolverilməzdir. Bu beynəlxalq hüquqla tənzimlənməlidir. Məsələn, dövlət başçılarının və yaxud rəsmi şəxslərin çıxışlarında elə ifadələr işlədilir ki, o müharibə şəraitində dinc əhaliyə münasibətdə qadağanlara məhəl qoymamaqdır. Yəni, terroristi cəzalandırmaq lazımdır. Dinc əhaliyə, yaxud raket bombardumanları nəticəsində, məsələn, o uşaqlar həyatlarını itirir. Bu yolverilməzdir. Bir də ikili standart yolverilməzdir. Məsələn, deyək ki, orada ərəblərin dinc əhalinin, uşaqların, qocaların, qadınların öldürülməsinə sanki bir milçək öldürülməsi kimi yanaşılır. Bir sıra dövlətlər bu məsələlərdə İsrailə kart-blanş verdilər. Hesab edirəm ki, bu doğru deyil. Terror təşkilatı ilə xalqı eyniləşdirmək olmaz. O bir təşkilatdır, İsrail isə bir dövlətdir. O dövlət BMT-nin, beynəlxalq qurumların üzvüdür. O öhdəliklərə əməl etməlidir. Bu baxımdan mən bir örnək kimi göstərmək istəyirəm ki, 24 saatlıq əməliyyat zamanı Azərbaycan Ordusu çox həssaslıqla hərəkət etdi. Məsələn, hərbi obyektlər vuruldu, silah bazaları vuruldu, dinc yaşayış məntəqələrinə, dinc əhaliyə hansısa bir formada ziyan törədilmədi. Yəni, terrorçu ilə dinc əhalini bir-birinə qarışdırmaq olmaz. Terrorçunun qisasını dinc əhalidən almaq olmaz.

Amerikanın Səsi: Bu münaqişə İranın regional siyasərinə hansı yeniliklər gətirə bilər? İrana qarşı hərbi gücdən istifadəyə səbəb ola bilərmi?

Cəmil Həsənli: Bilirsiniz, bu münaqişə başlayanda ilk ağla gələn məsələlərdən biri İranın burada əli olması məsələsidir. İlk baxışdan da Yaxın Şərqdə Hizbullahın fəaliyyəti ilə bağlı elə HƏMAS-ın özünün İranla əlaqələri ilə bağlı çoxlu faktlar var. Burada da İranın əlinin olması mümkündür. Yəni hansısa bir silah texnologiya yardımlarının göstərilməsi baxımından və yaxud silah-sursat yardımı, qida ola bilər, diplomatik-mənəvi yardımı ortadadır. Bu məsələnin görünən tərəfidir. Ancaq ABŞ-ın dövlət katibinin bir açıqlaması oldu. O qeyd elədi ki, İranın bu məsələdə əlinin olduğu təsdiq olunmur. Məncə bu kifayyət qədər ciddi bəyanatdır. İndi hər halda istər İsrail olsun, istər ABŞ olsun, müasir texnoloji avadanlıqdan kəşfiyyat məqsədi ilə istifadə edilməsində bunlar yüksək göstəricilər əldə etmiş ölkələrdir. Yəqin ki, bu proses izlənilibdir. Yəni burada nəyə görə açıqlama verildi? Görünən odur ki, ABŞ münaqişənin böyüməsinin tərəfdarı deyil. Onun HƏMAS-İsrail qarşıdurmasından kənara çıxmasının tərəfdarı deyil. Bu baxımdan da bu əslində bir açıqlama olmaqdan daha çox bir mesaj idi ki, münaqişə böyüməsin. Bir çox səbəblər var. Çünki münaqişə böyüyərsə Ukrayna-Rusiya müharibəsi diqqətdən kənarda qalacaq. Əlavə problem yaradacaq. Dünyanın diqqəti bu məsələyə yönələcək. Bilirsiniz ki, bu dünya üçün bir həssas məsələdir. Ona görə də, ABŞ münaqişənin böyüməsinin əleyhinədir.

Amerikanın Səsi: İsrail-HƏMAS münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini necə qiymətləndirirsiniz? Azərbaycan-İsrail münasibətləri fonunda rəsmi Bakının İrana münasibətlərində hansı dəyişiklik müşahidə etmək olar?

Cəmil Həsənli: Ümumiyyətlə İsrail ilə Azərbaycanın münasibətləri İran üçün çox ciddi problemdir. Yeri gəlmişkən deyim ki, Azərbaycan-İran münasibətlərində müşahidə edilən son qarşıdurmaların da böyük bir hissəsi elə bu İsrail ilə Azərbaycan münasibətləri zəminindədir. Yeri gəlmişkən elə bu 90-cı illərdən bəri, davam edən məsələdir. İran daimi Azərbaycanı İsrail ilə yaxşı münasibətlərin olmasında ittiham edir. Və hətta Ermənistana göstərdiyi dəstəyi də bununla əsaslandırmağa çalışır. Məsələ burasındadır ki, Azərbaycan dünyəvi dövlətdir. İran kimi dini dövlət deyil. İran dini dövlət olduğu üçün dünya müsəlmanlarının müdafiəsi onun təməl prinsiplərindən biridir. Amma necə oldu ki, Azərbaycan-İsrail münasibətləri fonunda İran o prinsipi pozdu. Yəni təcavüzə məruz qalmış müsəlmanların yanında olmaq əvəzinə Ermənistanın yanında dayandı. Son hadisələr göstərir ki, bu məsələ bir az tənzimlənmək istiqamətində gedir. İranın səlahiyyətli, yüksək dövlət adamlarından birinin bu yaxınlarda Bakıya səfəri oldu. Razılıq oldu ki, Araz üzərindən Zəngilan rayonundan körpü salınsın. Bütün bunlar münasibətlərin normallaşması istiqamətində gedən bir prosesdir. Azərbaycan və İran münasibətlərində ən xoşa gəlməyən cəhət odur ki, Azərbaycan tərəfi İran ilə münasibətlərin qalxıb-enməsi fonunda özünün dindar vətəndaşlarını cəzalandırır. İranla münasibətlər pisləşən kimi, böyük bir dəstə İslam inanclı vətəndaşlarına qarşı saxta itthamlar irəli sürülür. Bu bir spesifik hadisədir. Yəni Azərbaycanın İranla münasibətlərinin pisləşməsinin cəzasını İrandan daha çox, Azərbaycan vətəndaşları çəkir. Bu da yolverilməzdir. Hesab edirəm ki, baxmayaraq ki, Blinkenin bəyanatı olub. Amma heç kim təminat verə bilməz ki, bu münaqişə böyüməsin. Hansısa qəfil bir hərəkət, məsələn Hizbullahın hansısa əməliyyata müdaxilə etməsi. Livan, Suriya, Yaxın Şərqin digər bir məntəqəsində elə hadisələr baş verə bilər ki, istər-istəməz münaqişənin dairəsi genişlənə bilər. Bizim yanaşmamız necə olmalıdır? Qonşuluğumuzda olan ölkələrdə sabitlik nə qədər davam eləsə, bu Azərbaycanın maraqlarına uyğundur.

Forum

XS
SM
MD
LG