Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov Amerikanın Səsinə müsahibəsində HƏMAS-ın İsrailə hücumu və Yaxın Şərq regionunda geopolitik durumdan danışıb.
Amerikanın Səsi: HƏMAS-ın İsrailə hücumundan sonra regionda müharibə elan edilib. Sizcə bu müharibənin nəticələri nə ola bilər?
Fərda Əsədov: Nəticələri, qısa desək iki variant arasında paylaşıla bilər. Amerika Konqresində qəbul olunmuş bir çağırışla uyğunluqda HƏMAS ümumiyyətlə məhv edilib, siyasi səhnədən gedə bilər. Xüsusilə, onun rəhbərliyi məhv edilə bilər. Əlbəttə bir terrorçu təşkilat kimi onlarla danışıq müzakirə olunmaz bir mövzuya çevrilə bilər. Yaxud da əgər İsrailin yerüstü əməliyyatı qarşısına belə məqsəd qoyulmayacaqsa, hansısa danışıqlar, girovların dəyişdirilməsi baş verəcəksə, beləliklə Həmas-ın ehtimalla nəzərdə tutduğu məqsədlərə nail olması mümkün olacaq.
Amerikanın Səsi: İsrail-HƏMAS qarşıdurması beynəlxalq güc mərkəzlərinin regiona siyasi təsirlərində hansı yeni nüanslar ortaya çıxaracaq. Yeni, daha böyük miqyaslı müharibə ocaqları yarana bilərmi?
Fərda Əsədov: Gərginliyin müharibə statusuna çatması artıq qəbul edilmiş bir nəticə kimi üzdədir. Amerika donanmasının regiona göndərilməsi azından bu ehtimalı mümkün olan bir ssenari kimi nəzərdə tutur. İri miqyaslı toqquşmalarda hansı tərəflərin qarşı-qarşıya gəlməsi məsələsini aydınlaşdırmalıyıq, belə bir miqyaslı müharibənin olub-olmaması barədə müəyyənliklə bir söz demək çətindir. Mən ehtimal etmirəm ki, Amerika hərbi qüvvəsinin ortada olmasını nəzərə alıb ona cavab verən hansısa bir siyasi qüvvənin hadisələrə qatılması mümkün olsun. Ümumiyyətlə, Amerikanın da bu ehtimala ciddi bir plan kimi yanaşacağını ehtimal etmirəm. Bəlkə burada İranın tərəfdarı olan siyasi qüvvələrin, xüsusilə Hizbullah təşkilatının hadisələrə bilavasitə qatılması olduğu halda, bu təhlükə arta bilər.
Amerikanın Səsi: Bu müharibə İrana qarşı hərbi gücdən istifadəyə səbəb ola bilərmi?
Fərda Əsədov: Əvvəlki suala cavabda dediyim kimi, bunun üçün bir əsas olmalıdır. Əsaslardan biri də Hizbullah təşkilatının hadisələrə qatılması və İran hökumətinin bununla əlaqədar özünü necə aparması olacaq. Yəni kütləvi şəkildə hərbi yardım (məsələn, qərb indi Ukraynaya göstərdiyi kimi) olarsa, yaxud könüllülərin, hər hansı başqa dəstələrim göndərilməsi olacaqsa, İrana qarşı zərbələrin endirilməsi ehtimalı artar.
Amerikanın Səsi: Müharibənin Ərəb dövlətləri arasındakı münasibətlərə təsiri nə ola bilər? Ərəb dünyası İsrailə qarşı bir mövqedən çıxış edə bilərmi?
Fərda Əsədov: Fələsin məsələsinin həllinə dair fəaliyyət son zamanlar haradasa bir durğunluq vəziyyətində idi. Paralel olaraq İsraillə bir neçə ərəb ölkələrinin münasibətlərinin normallaşması prosesi də artmağa başladı. Elə bir şərait yarandı ki, Fələstin probleminə münasibətdə ərəb siyasi qüvvələrinin yanaşması tədricən bir birindən uzaqlaşır və aralarında gərginlik şəraitinin artmasına gətirib cıxarırdı. Güman etmirəm ki, bu hadisələr əvvəlki ərəb-israil müharibələrində olduğu kimi müəyyən qədər əlaqəli şəkildə, ərəblərin birgə cavab addımları olsun. Biz bunu 1948-ci ildə, 1967-ci ildə, hətta 1973-ü ildə olduğu kimi görməyəcəyik. Belə mümkün olmayacaq. Artıq həmin oyunçular da səhnədə deyil. Suriya, Misir, Səudiyyə Ərəbistanının özünün indi tədricən bir-birindən fərqlənən bir mövqeyi var. Bunlar hamısı ondan xəbər verir ki, elə bir durum yoxdur.
Amerikanın Səsi: Bu gərginlik ocağı regionda ABŞ, Avropa Birliyi dövlətləri və Rusiyanın mövqeyində hansı dəyişikliklərə səbəb olacaq?
Fərda Əsədov: Mən deməzdim ki, burada böyük dəyişiklik görə bilərik. Çünki, əslində ənənəvi münasibətlər sanki yeniləndi. Biz tarixən müşahidə etsək Avropa Birliyi, Avropa ölkələrinin birgə mövqeyi Yaxın Şərqdə gərginlik yarandıqda harada isə kölgəyə keçir. Yəni, burada Fransanın bəzən Amerikanın siyasətinə etiraz olaraq müəyyən addımları olsa belə, amma əslində onlar hansısa alternativ siyasi bir xəttin olmasından xəbər verməyib. O ki, qaldı indiki duruma, Amerikanın siyasətində biz yenə də eyni münasibəti görürük. İsrailə tam dəstəyin verilməsi prioritet istiqamət olaraq qalır, bundan ötrü ərəb dünyasında öz əlaqələrindən, təsirlərindən istifadə etməklə İsrailin öz məqsədlərinə çatması üçün mümkün qədər yardım etmək addımları atılacaqdır. Rusiyaya gəldikdə, onun xarici siyasət rəhbərliyi burada bəlkə də növbəti bir imkan görür ki, birincisi, dünyanın diqqəti yenidən Yaxın Şərqə cəlb olunsun. İkinci, Rusiya siyasətinin ərəb dünyası üçün daha əlverişli olması ideyası növbəti dəfə nümayiş etdirilsin. Elə buna əsas verən Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı oldu. Yəni bəyanatda deyilir ki, Fələstin probleminin nizamlanmasında 1967-ci il sərhədləri əsasında iki dövlətin yaranması barədə BMT qərarları təmin olunmalıdır. Bu, həmin o ideyalardır ki, ərəb dünyasının Fələstin probleminin nizamlanmasına Səudiyyə Ərəbistanı tərəfindən verilmiş təkliləri ilə üst-üstə düşür və İbrahimi sazişlərinin mümkün gördükləri davamı kimi arzulanırdı (İbrahim Sazişləri 2020-2021-ci illərdə imzalanmış İsrail və ərəb dövlətləri arasında münasibətləri normallaşdırmaq üçün bir sıra sazişlərdir. Onların adı Yəhudilik, Xristianlıq və İslamda təkallahlıq inancını gətirmiş İbrahim peyğəmbərə işarə edir -red). Bu Sovet İttifaqının, vaxtı ilə siyasətində yer alırdı. Odur ki, mövqelər sanki ənənvi olaraq davam edir. Lakin nə qədər qəti addımlar atılması məsələsi sual altındadır.
Amerikanın Səsi: Bu arada Azərbaycanın bu müharibəyə münasibəti necə olmalıdır? Hələ ki dəqiq bir mövqe ortada yoxdur.
Fərda Əsədov: Mən son zamanlar siyasi təhlillərdə üstünlüyü hər zaman humanitar problemlərə verməyin tərəfdarıyam. Azərbaycan hökuməti də öz savaş tədbirlərində, hərbi əməliyyatlarında bu cür mövqeyi əsas tuturdu. Təhlükəsizliyin təmin olunması, əhalinin haqlarının bərpa edilməsi, zorakılığa, terrorçuluğa qarşı tədbirlərin görülməsi, mən düşünürəm ki, Azərbaycan bu istiqamətdə hər cür addımları alqışlayan bir mövqe tutmalı olacaq və tutacaq. Əlbəttə ki, bir halda ki, HƏMAS təşkilatı öz taktiki addımları ilə, siyasəti ilə əslində bütün insani qanunları pozmuş olduğu halda, o özünü qanundankənar bir vəziyyətə salmış oldu. Bu əməliyyatları pisləmək yəqin ki, çox vacib və mühüm bir vəzifə olacaq.
Forum