İctimai fəal, Oslo Universitetində Yaxın Şərq araşdırmaları üzrə magistr təhsili alan Rüstəm İsmayılbəyli İsrail-Fələstin münaqişəsi ilə bağlı Amerikanın Səsinə danışıb.
Amerikanın Səsi: İsrail-Fələstin münasiqəşəsinə yanaşmanız nədir? Hadisələrin bu səviyyəyə gəlməsinin səbəbləri nədir?
Rüstəm İsmayılbəyli: Əvvəla, bu münaqişə dünənki hadisələrlə başlamayıb. Dünən baş verənlər, 75 ildir ki, hər bir-iki ildən bir baş verən hadisələrin yenisidir. Bu münaqişənin ən böyük problemlərindən biri digər bir çox konfliktlərdə olduğu kimi, hər iki tərəfin maksimalist yanaşması olub. Əvvəlcə ərəb xalqları İsrail dövlətinin varlığını qəbul etməyərək dəfələrlə müharibələr başladıblar, son 20-30 ildə isə İsrail maksimalist davranışlarla Fələstin ərəblərinin vəziyyətini getdikcə daha da pisləşdirib.
Hətta BMT və digər əhəmiyyətli beynəlxalq təşkilatlar da qəbul edir ki, hazırda İsrail bir çox ərazilərdə işğalçı statusundadır. Onlar fələstinlilərə aid torpaqları işğal edib, ora əhali köçürərək demoqrafik nəzarət yaratmağa çalışıblar.
Əvvəllər iki dövlətli sülh yolu ciddi bir variant olsa da, hazırda Fələstinin iradəsi, demək olar ki, məhv edilib. Fələstinlilərin İsrail nəzarətində olmayan əsas ərazisi Qəzza isə hər tərəfdən tam blokadaya alınıb. Əslində 1993-cü ildəki Oslo danışıqlarında İsrailin solçu Baş naziri İsaq Rabin ilə fələstinli lider Yasir Ərəfat sülh üçün razılaşsalar da, sonradan israilli millətçilər Rabini sui-qəsdlə öldürdü və ondan sonra hər iki tərəf daha da radikallaşdı.
Bu gün bu konfliktin radikal fundamentalist Həmas ilə ultra-sağçı İsrail hökumətləri arasında sıxışmış olması son 30 ildə gedən proseslərin nəticəsidir. Hazırda əlimizdə iki fakt var. Bunlardan biri odur ki, İsrail işğalçı, maksimalist siyasət yeridir və fələstinlilərin yaşayışının aparteid dövründəki cənubi afrikalılardan çox fərqi yoxdur. Digəri də odur ki, Fələstinin azadlıq mübarizəsi mütləq əksəriyyətlə radikal fundamentalist Həmasın inhisarına ilişib. Bu da bütün sülh perspektivini zədələyir və dünən gördüyümüz kimi çox vəhşi, zorakı nəticələr yaradır. İsrail yeni torpaqlara nəzarəti ələ keçirir, oradan fələstinliləri çıxararaq öz əhalisini köçürür, Həmas buna cavab olaraq zorakı aktlar törədir, İsrail buna qarşı Qəzzada mülki infrastruktur daxil olmaqla hər yeri bombalayır və beləcə nifrət, zorakılıq getdikcə artır.
Şəxsən, sülh üçün yeganə yol kimi iki dövlətli həlli görürəm. Hər iki tərəf əqli-səlimlə davranıb, kompromislərə gedə bilməlidir. İsrail güclü, imtiyazlı tərəf kimi öz işğalçı və maksimalist siyasətindən əl çəkməlidir ki, Fələstin xalqı da konservativ, ultra təhlükəsizlikçi mövqeyə sahib Həmasdan başqa da siyasi cərəyanlar yarada bilsin və iki xalqın birgə yaşayışı mümkün bir varianta çevrilsin.
Amerikanın Səsi: Azərbaycan vətəndaş cəmiyyətinin və sadə vətəndaşların münaqişəyə yanaşmasını necə dəyərləndirirsən?
Rüstəm İsmayılbəyli: Azərbaycanda bu münaqişə ilə bağlı ümumi əhval-ruhiyyə yüksək səviyyədə İsrailin tərəfindədir. Bunun da əslində çox sadə səbəbləri var. Ən birinci səbəb ondan ibarətdir ki, Azərbaycan və İsrail dövlətləri arasında çox ciddi strateji tərəfdaşlıq, müttəfiqlik münasibətləri var. Həm neft-qaz, həm silah ticarətində də iki ölkənin əlaqələri çox genişdir.
İkinci səbəb ondan ibarətdir ki, İsrail-Fələstin konflikti Yaxın Şərqdəki iki “nemesis”in qarşıdurmasının cəbhələrindən biridir. Azərbaycanın İranla münasibətlərinin soyuq olmasından ötrü Azərbaycan ictimaiyyəti də onun dəstəklədiyi Fələstin mübarizəsini yox, İsraili özünə daha yaxın görür. Vətəndaş cəmiyyəti və müxalifət də xalqdan çox ayrı deyil, təbii ki. Onlar da yuxarıda sayılan səbəblərdən özlərini İsrailə yaxın hiss edirlər. Düşünürəm ki, hətta bəlkə müxalifətdən kimlərsə İsrailin işğalçı və zorakı siyasətini pisləmək istəsələr belə, artıq İsrail-Azərbaycan ittifaqı narrativini çoxdan qəbul etmiş xalqdan gələcək reaksiyalardan çəkinərək belə bir mövqe bildirməkdən imtina edirlər. Amma çox uzun müddətdir ki, beynəlxalq ictimaiyyətdə, Qərbin vətəndaş cəmiyyəti institutlarında İsrailin mövqeyi törətdiyi zorakılıqlar və sahib olduğu ultra-sağçı, qeyri-demokratik hökumətlərə görə zəifləyir. Yəqin ki, yaxın gələcəkdə bu proses Azərbaycandan da yan keçməyəcək.
Forum