Militant qrupun İsrailə sürpriz hücumundan bir gün sonra İsrail ordusu bazar günü ölkədə qalmış Həmas döyüşçülərini təmizləmək üçün əməliyyatların davam etdiyini bildirib.
“Yüzlərlə terrorist” öldürülüb və ələ keçirilib, deyə İsrail rəsmisi bildirib.
İsrail Müdafiə Qüvvələri (İMQ) cənubda, Qəzza Zolağı yaxınlığında döyüşlərin getdiyini bildirib. Bu yaşayış məntəqələri sırasına Sderot şəhəri daxildir.
İMQ sözçüsü Leytenant-Polkovnik Conatan Konrikus minə yaxın Həmas döyüşçüsünün şənbə günü İsrailə daxil olduğunu deyib.
Bu arada İsrail hökuməti ələ keçirilmiş İsrail vətəndaşları haqda məlumat üçün Misirə müraciət edib.
Həmas döyüşçülərinin dəqiq nə qədər İsrail əsgəri və mülki vətəndaşını əsir götürdüyü bəlli deyil.
İsrail ordusu ötən gün ərzində Qəzza Zolağında Həmasın kəşfiyyat idarəsini, silah istehsal edən zavodunu və iki bankı vurub.
Həmas da hücumları dayandırmayaraq İsrailin bir neçə şəhərini, o cümlədən Tel Əvivi raket atəşinə tutub.
Azı 250 israillinin öldürüldüyü və mindən çoxunun yaralandığı bildirilir.
Fələstin səhiyyə rəsmiləri hücumlarda azı 256 adamın öldüyünü və bunların arasında 20 uşaq olduğunu bildirib. Yaralanmış 1788 adamdan 121-i uşaqlardır.
Forum