İsrail hökuməti bazar günü rəsmən Qəzza Zolağındakı Həmas militantlarına müharibə elan edib.
Müharibə elanı İsrail baş naziri Benyamin Netanyahunun şənbə günü ölkəsinin müharibədə olduğunu deməsindən sonra verilib. Nazirlər kabinetinin son qərarı həmin bəyanatı rəsmiləşdirmiş olur.
Kabinetin səsverməsindən öncə Netanyahu İsrailin Həmasdan "qüdrətli qisas" alacağını bildirib.
Bu arada İsrailin cənubundakı şəhərlər boyunca küçələrdə İsrail əsgərləri Həmas militantları ilə döyüşməkdə davam edir, və israil təyyarələri Qəzzada hədəflərə zərbələr endirir.
Hələlik aydın deyil ki, İsrailin şənbə günü baş vermis hücuma cavabı tam olaraq nələri əhatə edəcək.
Bəzi Yaxın Şərq üzrə təhlilçilər İsrail əsgərlərinin Qəzza Zolağına nəzarəti ələ götürəcəyini güman edir ki, bu da konfliktin ciddi eskalasiyasına səbəb ola bilər.
“Müharibə vaxt aparacaq. Bu, çətin olacaq,” Netanyahu bildirib.
İsrail rəsmiləri indiyədək azı 600 adamın, o cümlədən 44 əsgərin həlak olduğunu və 1500-dən çox adamın yaralandığını bildiriblər.
Qəzzada isə rəsmilər azı 313 adamın həlak olduğunu və 2000-dən çoxunun yaralandığını deyirlər.
İsrail rəsmisi hərbçilərinin 400 Həmas döyüşçüsü öldrüdüklərini və onlarla döyüşçünü əsri götürdüklərini xəbər verib.
ABŞ dövlət katibi Antoni Blinken CNN telekanalına müsahibədə deyib ki, Birləşmiş Ştatlar döyüşlər zamanı həlak olanlar arasında amerikalıların da olması ilə bağlı xəbərləri araşdırır.
Forum