Son inkişaflar
- İsrailin baş naziri Benyamin Netanyahu İsrail hərbi qüvvələrinin Qəzzada quruda hücuma hazırlaşdığı vaxt müharibə dövrü kabinetinin iclasının keçirib.
- ABŞ dövlət katibi Antoni Blinken bazar ertəsi İsrailə qayıtmazdan əvvəl bazar günü Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
- ABŞ-ın Qüdsdəki səfirliyi ABŞ vətəndaşlarını dəniz yolu ilə Hayfadan Kiprə təxliyə etməyə başlayacaq.
- Livandan açılan atəş nəticəsində İsrailin şimalında yerləşən Ştula şəhərində bir israilli ölüb, ən azı iki nəfər yaralanıb.
- İsrail ordusunun sözçüsü bildirib ki, Həmas Qəzzadan mülki əhalinin şimal bölgələrindən təxliyəsinə mane olur.
- Ağ Ev ABŞ prezidenti Co Baydenin Fələstin Milli Administrasiyasının prezidenti Mahmud Abbasla Qəzza zolağında təcili humanitar yardıma ehtiyac barədə danışdığını bildirib.
- Pentaqon bildirib ki, Birləşmiş Ştatlar “İsrailə qarşı düşmənçilik hərəkətlərinin qarşısını almaq üçün” ikinci təyyarədaşıyan gəmini göndərib.
İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Həmas militantlarını tapmaq və onlara hücum etmək üçün quruda gözlənilən hücumdan əvvəl 300 min İsrail əsgərinin Qəzza zolağının sərhədi boyunca toplaşdığı zaman “Həması məhv etməyə” söz verib.
İsrail lideri ilk dəfə olaraq onun bildirdiyi kimi, milli birliyin nümayişi olaraq müxalifətdən olan deputat Benni Gantzın da daxil olduğu fövqəladə müharibə kabinetini toplayıb.
Təl-Əvivdə hərbi qərargahda görüş keçirən Netanyahu bildirib ki, bütün İsrail liderləri “birləşmiş cəbhə olaraq 24 saat işləyirlər”.
Nazirlər kabinetinin üzvləri oktyabrın 7-də HƏMAS-ın gözlənilməz hücumunda həlak olan 1300 israillinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İsrailin HƏMAS-ın hücumuna cavab olaraq Qəzzaya hava zərbələri endirməsi təxminən 1900 fələstinlinin ölümülə nəticələnib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü bazar günü jurnalistlərə və hamıya Qəzzadan gələn xəbərlərin “dəqiqliyinə” diqqət yetirmələri barədə xəbərdarlıq edib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü polkovnik-leytenant Conatan Konrikus brifinq zamanı Qəzza zolağının cənubuna doğru hərəkət edən avtomobilləri hədəf aldığı bildirilən partlayışın video görüntülərini nümayiş etdirib. Konrikus İsrail Müdafiə Qüvvələrinin rəsmilərinin dinc əhalini Qəzzanın şimal ərazilərini boşaltmağa davam etməyə dəfələrlə çağırdığı vaxt bildirib ki, İsrail əraziyə zərbələr endirməyib.
“Biz insanların cənuba getməsini istəyirik,” Konrikus bildirib. O, Qəzzada mülki konvoyların cənuba doğru hərəkət etməsinə mane olmaq üçün HƏMAS tərəfindən hazırlanmış adlandırdığı maneələrin görüntüləri nümayiş etdirib. Amerikanın Səsi Konrikusun mətbuat brifinqləri zamanı təqdim etdiyi görüntüləri müstəqil olaraq yoxlaya bilməyib.
BBC cümə günü axşam saatlarında Qəzzada mülki vətəndaşların qaçarkən həlak olduğu eyni partlayış barədə məlumat verib. Bununla belə, İsrail Müdafiə Qüvvələrinin brifinqində olduğu kimi, BBC-nin məlumatında da partlayışın raket və ya yol boyu quraşdırılmış əldəqayırma partlayıcı qurğunun nəticəsində baş verib-verməməsi dəqiqləşdirilməyib.
“Əgər siz jurnalistsinizsə və ya sadəcə olaraq baş verənləri izləyirsinizsə və Qəzza zolağından məlumat əldə edirsinizsə, lütfən, bunun doğruluğuna çox şübhə ilə yanaşın,” Konrikus deyib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib ki, Təl-Əviv Qəzzanın şimalında HƏMAS-a qarşı “gücləndirilmiş əməliyyatların” növbəti mərhələsinə başlamazdan əvvəl İsrailin onlara öz təhlükəsizlikləri üçün xəbərdarlıq etdiyi zaman Həmas insanları evdə qalmağa və təxliyə olunmamağa çağırıb.
İsrail ordusunun Qəzzanın şimalında sakinlərin cənuba təxliyəsi üçün verdiyi müddət başa çatdıqdan sonra İsrail HƏMAS-ın nəzarətində olan Qəzza zolağında quruda genişmiqyaslı hücumu hazırlaşır.
Müdafiə Qüvvələrinin sözçüsü HƏMAS-ın Qəzzada dinc sakinlərin şimal bölgələrindən təxliyə olunmasına mane olduğunu bildirib.
İsrail oktyabrın 7-də İsrail şəhərlərinə hücum edərək, 1300 mülki vətəndaşı qətlə yetirib, onlarla mülki vətəndaşı girov götürən HƏMAS militantlarının İsrail tarixində mülki əhaliyə qarşı ən dəhşətli hücumuna görə qisas almaq üçün Qəzza zolağına nəzarət edən qruplaşmanı məhv edəcəyinə söz verib.
New York Times qəzetinin verdiyi məlumata görə, İsrail ordusunun rəsmiləri İsrail ordusunun pis hava şəraiti səbəbindən təxirə salınan quruda hücum üçün “hazırlığını” artırdığını və piyadaların Qəzzanın şimalına irəliləməsinə tanklar və “təyyarələr, döyüş helikopterləri, dronlar və qurudan və dənizdən atılan artilleriya atəşləri ilə” dəstək veriləcəyini bildirib.
New York Times-ın məlumatında həmçinin İsrailin HƏMAS-ın siyasi və hərbi iyerarxiyasını məhv etmək istədiyini söyləyən adı açıqlanmayan yüksək rütbəli zabitlərə istinad edilir.
Eyni zamanda, fələstinlilər şənbə günü Qəzza zolağının şimalını boşaltmağa və İsrailin gözlənilən hərbi hücumundan öncə cənuba doğru hərəkət etməyə çalışdığı zaman Qəzza zolağında humanitar böhranın ağırlaşdığı bildirilir.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək İsrailin zərbələri nəticəsində 1900-ə yaxın fələstinli həlak olub.
Bu arada, Ağ Evin bildirdiyinə görə, ABŞ prezidenti Co Bayden Fələstin Milli Administrasiyasının prezidenti Mahmud Abbasla Qəzza zolağında təcili humanitar yardıma ehtiyac məsələsini müzakirə edib.
Prezident Bayden şənbə günü İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək, ABŞ-ın İsrailə “sarsılmaz” dəstəyini təsdiqləyib. Ağ Evin açıqladığı bəyanatda Baydenin “münaqişəni genişləndirmək istəyən hər kəsə xəbərdarlıq etdiyi” bildirilib. Bəyanatda Baydenin həmçinin Netanyahunu ABŞ-ın İsrailə hərbi dəstəyi barədə məlumatlandırdığı qeyd edilib.
Pentaqon bildirib ki, Birləşmiş Ştatlar “İsrailə qarşı düşmənçilik hərəkətlərinin qarşısını almaq üçün” regiona ikinci təyyarədaşıyan gəmini göndərir.
Forum