Accessibility links

Bayden xəstəxanaya ölümcül hücumdan sonra Əmman sammiti ləğv edildiyi vaxt İsrailə yola düşüb


ABŞ prezidenti Co Bayden Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələrinin Bazasında Air Force One təyyarəsinə minərək İsrailə səfərə çıxır, 17 oktyabr 2023.
ABŞ prezidenti Co Bayden Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələrinin Bazasında Air Force One təyyarəsinə minərək İsrailə səfərə çıxır, 17 oktyabr 2023.

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı oktyabrın 17-də Qəzza zolağında xəstəxanaya yüzlərlə fələstinlinin ölümülə nəticələnmiş hücumdan sonra Yaxın Şərqdə planlaşdırılan görüşlərin təxirə salınması fonunda İsrailə səfərə çıxıb.

Verilən məlumatlara görə, hücumdan bir qədər sonra İordaniya kralı Abdulla Baydenin Misir və Fələstin liderləri ilə görüşməsi gözlənilən sammiti təxirə salıb.

Baydenin İsrail-Həmas müharibəsini müzakirə etmək üçün Fələstin prezidenti Mahmud Abbas, İordaniya kralı Abdullah və Misir prezidenti Əbdülfəttah Sisi ilə birlikdə oktyabrın 18-də İordaniya paytaxtı Əmmanda keçiriləcək sammitə qatılması planlaşdırılırdı.

Ağ Ev bir günlük səfəri zamanı Təl-Əviv və İordaniyaya getməsi planlaşdırılan Baydenin indi yalnız İsrailə səfər edəcəyini açıqlayıb.

Prezident Co Baydenin ABŞ-ın uzunmüddətli müttəfiqinə dəstəyini nümayiş etdirmək üçün İsrailə səfərə hazırlaşdığı vaxt oktyabrın 17-də çərşənbə axşamı gecə Qəzzada Əl-Əhli Ərəb xəstəxanasında baş vermiş güclü partlayış nəticəsində yüzlərlə insan həlak olub.

Ağ Evin açıqladığı bəyanatda prezident Baydenin Qəzza zolağında Əl-Əhli Ərəb xəstəxanasında baş verən partlayış nəticəsində insan tələfatına görə dərin kədər hissi keçirdiyi deyilir.

Bəyanatda ABŞ prezidentinin partlayışla bağlı xəbəri eşitdikdən dərhal sonra İordaniya Kralı II Abdullah və İsrailin Baş naziri Netanyahu ilə danışdığı və milli təhlükəsizlik komandasına baş verənlərlə bağlı məlumat toplamaqda davam etməyi tapşırdığı bildirilir.

“Birləşmiş Ştatlar münaqişə zamanı mülki əhalinin qorunmasının tərəfdarıdır və biz bu faciədə ölən və ya yaralanan xəstələrin, tibb işçilərinin və digər günahsız insanların itkisinə görə kədərlənirik”, bəyanatda qeyd edilir.

Qəzza rəsmiləri xəstəxanada baş verən partlayışa görə İsrail hərbi qüvvələrinin məsuliyyət daşıdığını bildirir. İsrail rəsmiləri isə İsrailin bölgəni intensiv bombardmanlara məruz qoyduğu zaman baş verən və 500-ə yaxın insanın ölümünə səbəb olan hücumda iştirakını inkar edib.

İsrail Müdafiə Qüvvələri Qəzzadakı xəstəxanada yüzlərlə insanın ölümünə səbəb olan partlayışla heç bir əlaqəsi olmadığını və partlayışın Fələstin İslami Cihad qruplaşması tərəfindən səhvən atılan raketlə törədildiyini bildirib.

İslami Cihad İsrailin hücuma görə məsuliyyət daşıdığına dair iddialarını rədd edib.

Qəzzada HƏMAS idarəsinin Səhiyyə Nazirliyi partlayışın İsrailin hava hücumu nəticəsində baş verdiyini açıqlayıb və təxminən 500 nəfərin öldüyünü, insanların əksəriyyətinin İsrailin davam edən hücumundan qorunmaq üçün sığındığını qeyd edib. Lakin İsrail ordusu həmin vaxt fələstinli militantların xəstəxananın yaxınlığında raket atəşi atdıqlarını bildirib.

Forum

XS
SM
MD
LG