Oktyabrın 30-da DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının təşkilatçılığı ilə Almaniyanın Gissen şəhərində “Giessener Allgemeine” və "Giessener Anzeiger” qəzetlərinin ofislərinin önündə “Almaniyadan deportasiya edilərək Azərbaycanda həbs edilmiş Ziya İbrahimov və digər mühacir məhbusların azad olunması üçün həmrəy olaq” adlı aksiya keçiriilib.
DAS təşkilatının məlumatına görə, təşkilatın fəalı Aynur Rzayeva bildirib ki, Azərbaycanda bu günədək jurnalistlər Rafiq Tağı, Elmar Hüseynov, Rasim Əliyev, Mehman Qələndərli mövqeyinə görə öldürülüb.
“Bundan başqa çoxsaylı jurnalistlər həbs edilib. Azərbaycanda jurnalistlərin şəxsi həyatları dəfələrlə provokasiya məqsədilə çəkilib ictimailəşdirilib. Azərbaycanda “Azadlıq radiosu”nun ofisi bağlanıb, müstəqil və müxalif mövqeli hər hansı qəzet nəşr edilmir. Hökumətlə eyni mövqeyi paylaşmayan “Azadlıq”, Meydan TV”, “Turan Tv” və başqa mətbuat orqanlarına giriş məhkəmə qərarıyla məhdudlaşdırılıb. 11 sentyabr 2022-ci ildə isə YouTube üzərindən yayımlanan “Xural Tv”-nin rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqov saxlanılaraq barələrində cinayət işi açılıb. Daha sonra sosial mediada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyinə görə Əhməd Məmmədli həbs edilib,” o qeyd edib.
O, Azərbaycanda hazırda 120-dən artıq siyasi məhbusun olduğuna diqqət çəkib.
DAS fəalı Əbdülhüseyn Ələkbərov bildirib ki, son dövrün aktual məsələlərindən biri də Almaniyadan Azərbaycana deportasiya edildikdən sonra orada həbs edilib işgəncələrə məruz qalan mühacirlərlə bağlıdır.
“Belə ki, Almaniya Miqrasiya İdarəsi (BAMF) və İnzibati Məhkəmələri (Verwaltungsgericht) tərəfindən siyasi sığınacaq istəkləri rədd edilən və bunun nəticəsində Azərbaycana deportasiya edilən Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Pünhan Kərimli, Samir Aşurov və Ziya İbrahimova qarşı cinayət işi açılıb və onların hamısı həbs edilib. Onların arasında Samir Aşurova, Mütəllim Orucova, Malik Rzayevə, Cəfər Mirzəyevə qarşı etirafedici ifadə almaq məqsədilə işgəncə verilməsi ictimaiyyətə məlumdur. Artıq mühacir-məhbuslardan Pünhan Kərimli 6 il, Malik Rzayev isə 7 il olmaqla azadlıqdan məhrum edilib,” o qeyd edib.
Onun sözlərinə görə, Almaniyada inteqrasiya qaydasında sığınacaq almış Anar Əliyev və ailəsinin vəziyyəti isə daha fərqlidir.
“Həmin şəxs iş tətili qaydasında 2022-ci ilin yayında Azərbaycana qayıtdıqdan sonra həbs edilib və barəsində narkotik ittihamı il cinayət işi açılıb. Əslində Əliyevin saxlanılmasına səbəb onun 2018-2019-cu illərdə Almaniyada Azərbaycanın siyasi hakimiyyəti əleyhinə aksiyalarda iştirakı olub. Azərbaycan siyasi hakimiyyəti onun ailəsinin yenidən Almaniyaya dönüşünü də məhdudlaşdıraraq sərhəddən çıxışını yasaqlayıb və nəticədə 2 uşağı da təhsildən kənarda qalıb.”
Təşkilatın fəalı Oktay Allahverdiyev bildirib ki, daha bir siyasi fəal, “Müsəlman Birliyi Hərəkatı”nın üzvü Rəşad Ramazanov 2022-ci ildə Gürcüstandan Azərbaycana geri dönüb və bir müddətdən sonra Azərbaycanda barəsində cinayət işi açılaraq həbs edilib.
"Digər siyasi fəal, DAS təşkilatının regional koordinatoru Ziya İbrahimov Azərbaycana deportasiya edilən gün, 20 may 2022-ci ildə, aeroportdan birbaşa polisə təhvil verilib və bir ay inzibati qaydada həbs edilib. Bir müddət sonra yenidən barəsində cinayət işi açılıb və saxlanılıb. İbrahimov Almaniyada dəfələrlə siyasi mitinqlər təşkil edib və siyasi mövqeyini sosial şəbəkələrdə yayıb."
Aksiyanın müraciətində Azərbaycan hakimiyyətindən readmissiya haqqında sazişin prisiplərinə əməl etməsi, Mütəllim Orucovun, Malik Rzayevin, Cəfər Mirzəyevin, Pünhan Kərimlinin, Ziya İbrahimovun, Samir Aşurovun, Anar Əliyevin, Rəşad Ramazanovun və bütün siyasi məhbusların azad edilməsi, Almaniya Xarici İlər Nazirliyindən Azərbaycanla diplomatik münasibətlərdə insan hüquqları kontekstinə diqqət yetirməsi tələb edilir.
Öz növbəsində, Azərbaycan hüquq mühafizə orqanlarının rəsmiləri ölkənin readmissiya ilə bağlı öhdəliyinə əməl etdiyini, deportasiya edildikdən sonra həbs edilən şəxslərin cinayət əməlləri törətdiklərini bildirib. Hüquq mühafizə orqanlarının təmsilçiləri işgəncələrlə bağlı bəyanatların da reallığı əks etdirmədiyini, həbsdə olan insanların və onların yaxınlarının bu tipli bəyanatlarının diqqəti cəlb etmək üçün müdafiə məqsədi daşıdığını deyib. Azərbaycan hökuməti həmçinin bir qayda olaraq ölkədə fundamental azadlıqların tam bərpa edildiyini, insanların mövqeyinə görə təqib edilmədiyi və siyasi məqsədlərlə həbs edilmədiyini bəyan edir.