Accessibility links

Readmissiya öhdəlikləri, həbslər və rəylər


Readmissiya
Readmissiya

Son aylarda Almaniyadan Azərbaycana readmissiya olunan azı 4 nəfər narkotik ittihamı ilə həbs edilib.

Bunlar Mütəllim Orucov, Pünhan Kərimli (hər ikisi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür), Malik Rzayev (bitərəf), Cəfər Mirzəyevdir (Almaniyada fəaliyyət göstərən Demokratik Azərbaycanı Seç təşkilatının üzvü).

Həbs edilənlərin hamısının ailələri onların Almaniyada Azərbaycanla bağlı etiraz aksiyalarında fəal iştirak etdiyni bildirir.

Readmissiya
Readmissiya

“Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş 2014-cü ilin fevralında imzalanıb. Bundan sonra 2016-cı ilin dekabrında Azərbaycanda readmissiya edilmiş şəxslərin üzləşdikləri çətinlik və problemlərin operativ həlli, cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məqsədi ilə Reinteqrasiya İşçi Qrupu yaradılıb.

Azərbaycan Miqrasiya Xidmətindən readmissiya olunan fəalların həbsi ilə bağlı şərh almaq mümkün olmasa da Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il 420 şəxs Azərbaycana readmissiya olunub və onların cəmiyyətə reinteqrasiyası məqsədi ilə lazımi tədbirlər görülüb.

Nemət Kərimli
Nemət Kərimli

Nemət Kərimli həbsdə olan Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyevin vəkilidir. Mütəllim Orucov, Malik Rzayev 2021-ci il iyunun 1-də, Cəfər Mirzəyev isə 2021-ci il noyabrın 24-də Almaniyadan deportasiya olunub.

Kərimlıinin sözlərinə görə, müdafiə etdiyi şəxslər readmissiya olunduqdan sonra pandemiya səbəbindən karantin məqsədi ilə Bakıda Atletlər Kəndinə yerləşdirilib və mülki keyimli şəxslər tərəfindən sorğu-sual edilib, Almaniyadakı fəaliyyətləri barədə soruşulub.

“Müdafiə etdiyim şəxslər təzyiq alıtnda ifadələr verib. Onların işgəncələrə məruz qalması ilə bağlı şikayətlərimin isə nəticələri olmayıb,” vəkil Amerikanın Səsinə deyib.

Zaud Ekber
Zaud Ekber

Hüquq müdafiəçisi Zaur Əkbər Amerikanın Səsinə deyib ki, Azərbaycan hökuməti readmissiya haqqında sazişdəki öhdəliklərini yerinə yetirsə də, bir sıra hallarda sui-istifadə edir.

“Sui-istifadə halları odur ki, Azərbaycan hüquq mühafizə orqanları deportasiya olunmuş şəxsləri karantində qaldığı müddətdə sorğu-suala çəkir, dindirir. Onlara müxtəlif cür uyğun olmayan suallar verir. Onları hər hansı formadasa ələ almağa çalışırlar. Ələ ala bilmədikləri insanları isə bir qədər sonra qurama ittihamlarla, məsələn narkotik ittihamları ilə şərləyib həbs edirlər,” o qeyd edib.

Avropa İttifaqı
Avropa İttifaqı

Hüquq müdafiəçisi hesab edir ki, readmissiya olunan şəxslərin həbsi ilə bağlı Avropa İttifaqı və xüsusilə Almaniya hökuməti münasibət bildirməlidir.

“Artıq narkotik ittihamı ilə Almaniyadan deportasiya olunan 5 fəal həbs edilib. Onların narkotika ilə heç bir əlaqəsi yoxdur. Biz hüquq müdafiə təşkilatı olaraq bunları araşdırmışıq. Həmin şəxslər ölkədən getməmişdən əvvəl ictimai-siyasi proseslərdə aktiv iştirak ediblər. Müxalifət partiyalarının, ictimai təşkilatların üzvü olublar. Hətta onlar Almaniyada olduqları zaman da Azərbaycanda baş verən insan haqları pozuntularına qarşı müxtəlif səpkidə aksiyalar təşkil ediblər,” o qeyd edib.

Hüquq müdafiəçisi hesab edir ki, siyasi təqiblərdən qaçaraq Avropa İttifaqı ölkələrinə sığınan insanların deportasiyası üçün həmin ölkələr tələsməməlidir.

Vahid Kərimov
Vahid Kərimov

Vahid Kərimov həbsdə olan Pünhan Kərimlinin atasıdır. O, Amerikanın Səsinə oğlunun narkoman olmadığını və sifarişlə həbs edildiyini bildirib. Kərimov oğlunun Berlindəki Azərbaycan Səfirliyinin qarşısında Bakıda polisin 2020-ci ilin iyununda insanlara qarşı zorakı hərəkətinin pislənməsi məqsədi ilə keçirilən aksiyanın aparıcısı olduğunu bildirib.

“Oğlum siyasi fəaliyyətinə görə həbs edilib. Almaniyada polisə qarşı keçirilən aksiyanın aparıcısı olub. Onun həbsinin səbəblərini bunda axtarmaq lazımdır,” ata Amerikanın Səsinə deyib.

Elshad Haciyev
Elshad Haciyev

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə deyib ki, ittihamlarla və işgəncələrlə bağlı deyilənlər əsassızdır. Onun fikrincə, iddialar gözləniləndir, özünü müdafiə məqdədi ilə səsləndirilir.

“Bu iddialar əsassızdır, həqiqəti əks etdirmir. Polis tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin keçirilməsi diqqət mərkəzindədir. Burada cəzanın labüdlüyü prinsipi təmin olunur,” o qeyd edib.

Bu arada Almaniyadan readmssiya olunan şəxslərin həbsi ilə bağlı Almaniyanın Azərbaycandakı Səfirliyi Amerikanın Səsinin müxbirinin sualına hələ cavab verməyib.

XS
SM
MD
LG