Accessibility links

Hüquq müdafiəçiləri ABŞ səfirliyinin rəsmisi ilə Azərbaycanda insan hüquqlarının durumunu müzakirə edib


Müdafiə Xətti təşkilatının həmtəsisçiləri (Arxiv foto)
Müdafiə Xətti təşkilatının həmtəsisçiləri (Arxiv foto)

Avqustun 8-də “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçiləri Rüfət Səfərov və Zaur Əkbər ABŞ-ın Azərbaycandakı səfirliyinin yeni təyin olunmuş siyasi məsələlər üzrə müşaviri Dvorak Brettlə ölkədəki ictimai-siyasi vəziyyət və insan haqlarının durumu ətrafında fikir mübadiləsi aparıb.

“Müdafiə Xətti” təşkilatının məlumatında deyilir ki, son zamanlar söz və fikir, mətbuat və məlumat azadlıqlarına inzibati orqanlar və Baş Prokurorluğun yeni repressiv səhifə açması, azad düşüncəyə görə ictimai fəalların, media mənsublarının ya inzibati həbsə, ya da cəriməyə, xəbərdarlığa məruz qalmaları müzakirə predmeti olub.

“Eyni zamanda, son 9 ayda Müsavat Partiyasının və Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun polis tərəfindən saxlanıldıqdan sonra işgəncəyə məruz qalması, verilmiş şikayət üzrə prokurorluqda cinayət işinin rədd edilməsi barədə əsassız qərarın qəbul edilməsi, eləcə də ictimai fəal Bəxtiyar Hajıyevin hakimiyyət dairələrinə bağlılığı şübhə doğurmayan cinayətkar dəstə tərəfindən oğurlanaraq işgəncəyə məruz qalması və fakta görə başlanmış cinayət işi üzrə mühüm istintaq hərəkətlərinin həyata keçirilməməsi, cinayətkarların dairəsinin müəyyənləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılmaması, jurnalist Aytən Məmmədovanın bıçaqla təhdid olunmasına görə başlanmış cinayət işi ilə əlaqədar hər hansı nəticənin olmaması barədə narahatçılğımızı ifadə etdik,” təşkilatın icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib.

O bildirib ki, görüşdə həmçinin Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, hüquqşünas İlham Aslanoğlunun, jurnalist Abid Qafarovun qanunsuz mühakiməsi, Almaniyadan deportasiya edilib, əsassız surətdə cəmiyyətdən təcrid olunan fəalların məsələsi müzakirə mövzusu olub.

XS
SM
MD
LG