İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevlə görüşüb.
AZƏRTAC dövlət agentliyinin məlumatına görə, görüşdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunub, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb.
Görüşdə həmçinin, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İRNA agentliyi isə bildirir ki, görüşdə İran və Azərbaycan arasında ticarət, enerji və nəqliyyat sahələrində əldə olunan razılaşmalara və həyata keçirilən birgə layihələrə toxunulub.
“Bu əməkdaşlığın davam etdirilməsi və səviyyəsinin gücləndirilməsi İran və Azərbaycanı bir-biri üçün strateji tərəfdaşa çevirəcək”, məlumatda qeyd edilir.
Prezident Məsud Pezeşkian iki ölkə arasındakı münasibətləri qardaşlıq, dostluq, dini və qohumluq əlaqələrinə əsaslanan münasibətlər kimi qiymətləndirərək deyib: “İran və Azərbaycan ölkələri və xalqları arasında sıx əlaqələr coğrafi sərhədləri aşır və bu əlaqələr həmişə davam edib və edəcəkdir”.
İran prezidenti əlavə edib: “İran qonşu və müsəlman ölkələrlə münasibət və qarşılıqlı əlaqələri inkişaf etdirməyi öz gündəmində əsas siyasət kimi qəbul edir. Bu arada Azərbaycanla əlaqələr bizim üçün xüsusi əhəmiyyət kəsb edir və biz iki ölkə arasında bütün sahələrdə əlaqələri genişləndirməyə çalışırıq”, İRNA agentliyi İran Prezidentinə istinadən qeyd edib
Bu görüş Azərbaycan Prezidentinin yanvarın 7-də yerli televiziyalara müsahibəsində İran rəsmilərinin Azərbaycandan üzr istəməsi tələbindən sonraya təsadüf edir.
Dövlət başçısı yerli televiziyalara müsahibəsində İran-Azərbaycan münasibətlərindən danışarkən ilk növbədə İkinci Qarabağ müharibəsi zamanı İranın Azərbaycana qarşı münasibətlərindəki gərginliyi qeyd edib.
“Daha sonra səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdur,” dövlət başçısı qeyd edib.
Əliyev Azərbaycan ilə İran arasında münasibətlərə və İranın yeni rəhbərliyinin bundan sonrakı siyasətinə toxunarkən deyib: “Bu barədə danışmaq bir qədər tezdir. Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi”.
Azərbaycan Prezidenti son günlərdə İranın ali dini liderinin Azərbaycanla sərhəd Ərdəbil şəhərindəki nümayəndəsinin Azərbaycanın, Türkiyənin, həmçinin Azərbaycan Prezidentinin əleyhinə səsləndirdiyi fikirləri qəbuledilməz hesab edib.
“Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir," Əliyev bildirib.
İranın yüksək səviyyəli rəsmiləri Əlyevin səsləndirdiyi son bəyanata reaksiya verməyib. Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin insidentlə bağlı etirazına cavabda İran xarici işlər nazirinin köməkçisi və qurumun Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçilu deyib: “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etirazı ölkəmizin şimal-qərb şəhərlərindən birində keçirilən mərasimdə bir şəxsin düşünülməmiş və yersiz açıqlamaları ilə bağlı olub. Təbii ki, qeyd etmək lazımdır ki, bu cür açıqlamaların İran İslam Respublikası hökumətinin rəsmi mövqeləri ilə heç bir əlaqəsi yoxdur”.