2023-cü ildə İranda saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İrandan təhvil alınaraq Azərbaycana qaytarılıb.
Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə məlumat yayıb.
Məlumatda deyilir ki, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Bununla yanaşı, Amerikanın Səsinin müxbirinin Fərid Səfrəlinin Almaniyada yaşayan ailəsi ilə əlaqə saxlaması mümkün olmayıb.
Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.
O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.
Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-ü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.
Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.
Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyni bildirib.
Azərbaycan Baş Prokuroru Kamran Əliyev 2023-cü il sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb.
Daha sonra Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.
Forum