Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin bütün sahələrdə normallaşmasına kömək etməyə hazırdır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 21-də Moskvada erməni həmkarı Ararat Mirzoyanla danışıqlar zamanı deyib.
“Biz 2020-ci və 2022-ci illərdə üç ölkənin rəhbərləri tərəfindən əldə edilmiş üçtərəfli razılaşmaların inkişafı istiqamətində Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlər üzrə normallaşdırılması üçün lazımi yardımı göstərməyə hazırıq”, Lavrov deyib.
Rusiyalı naziri əlavə edib ki, Moskvanın nöqteyi-nəzərindən bu razılaşmalar, xüsusən də regiondakı mövcud vəziyyət fonunda hələ də aktualdır və regional təhlükəsizlik məsələsi Rusiyanın Cənubi Qafqaz istiqamətindəki fəaliyyətində mühüm yer tutur.
TASS agentliyinin məlumatına görə, görüşdən sonra Mirzoyanla birgə mətbuat konfransı keçirən Lavrov Moskvanın Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması məsələsində tərəf tutmadığını qeyd edib və “Cənubi Qafqazdan uzaqda yerləşən ölkələri” regionda gərginliyi davam etdirməyə yönəlmiş addımlarda ittiham edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə vurğulayıb ki, Ermənistan Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün hər cür səy göstərir.
“Bütün çətinliklərə baxmayaraq, Ermənistan uzunmüddətli və davamlı sülhə nail olmaq üçün səmimi səylərini davam etdirir. Bu, gördüyümüz kimi, regionumuzun bütün ölkələrinin maraqlarına uyğundur”, Mirzoyan qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara yanvarın 7-də verdiyi müsahibəsində Azərbaycan-Ermənistan sülh danışıqları prosesindən danışarkən tərəflərin birbaşa danışıqlara üstünlük verdiyini deyib.
Prezident Əliyev həmçinin Ermənistanın silahlanmasının regionda “yeni gərginliyə” gətirib çıxaracağını bildirib, Zəngəzur dəhlizinin açılmalı olduğunu vurğulayıb.
“Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər”, Əliyev deyib və sülh müqaviləsinin imzalanması üçün ATƏT-in Minsk qrupunun ləğv edilməsi, Ermənistan Konstitusiyasının dəyişdirilməsini şərt kimi irəli sürüb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Əliyevin silahlanma ilə bağlı ittihamlarına münasibət bildirərək deyib ki, Ermənistanın hərbi islahat gündəliyində heç bir qeyri-legitim element yoxdur.
Zəngəzur dəhlizi məsələsinə gəlincə, Paşinyan yenidən Ermənistan hökumətinin “Sülh qovşağı” layihəsini xatırladıb.
“Sülh qovşağı regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını, o cümlədən Ermənistan ərazisindən Azərbaycan-Azərbaycan və Azərbaycan ərazisindən Ermənistan marşrutu üzrə kommunikasiyaların açılmasını nəzərdə tutur”, Paşinyan deyib.
Ermənistanın Baş naziri Yerevanın sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həlli yollarını təklif etdiyini, Azərbaycandan müsbət cavab olarsa, müqaviləni imzalamağa hazır olduqlarını əlavə edib.
Digər tərəfdən, Bakı və Yerevan yanvarın 16-da sərhədlərin delimitasiyası üzrə yeni razılaşma əldə ediblər.
Dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 11-ci görüşündən sonra verilən rəsmi açıqlamaya görə, tərəflər dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq, Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.
Forum