Rusiya Ermənistan və Azərbaycanla münasibətlərini inkişaf etdirməkdə davam edəcəyini bildirib.
“Cənubi Qafqaz Rusiya üçün uzaq region deyil. Moskva Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında maraqlıdır, Bakı və Yerevanla münasibətləri bundan sonra da inkişaf etdirəcək”.
TASS agentliyi bildirir ki, bu barədə yanvarın 8-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistanın regionda gərginliyin artmasına görə bir-birini ittiham etməsinə münasibət bildirərkən deyib.
"Və biz Qafqazda sülh, sabitlik, proqnozlaşdırıla bilən, qarşılıqlı etimad və təhlükəsizlik mühiti istəyirik. Bizim həm Azərbaycan, həm də Ermənistanla öz yaxşı münasibətlərimiz var və biz bu əlaqələri yüksək qiymətləndiririk. Biz bu münasibətləri daha da inkişaf etdirmək üçün özümüzdən asılı olan hər şeyi etmək niyyətindəyik”, Kremlin rəsmi nümayəndəsi bildirib.
Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla təmasları olub-olmaması ilə bağlı suala Peskov belə cavab verib ki, “bu günlərdə heç bir əlaqə olmayıb”.
Turan Agentliynin Siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə deyib ki, Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesinə təsir ermək imkanları yoxdur.
“Artıq Rusiyanın Ermənistana və Azərbaycana təzyiq etmək üçün elə bir instrumenti yoxdur. Azərbaycan prezidenti İlham Əliyev də yanvarın 7-də yerli teteleviziyalara müsahibəsində dedi ki, tərəflər sülh prosesndə birbaşa danışıqlara üstünlük verir, bu prosesdə üçüncü qüvvənin olmasına ehtiyac yoxdur. Rusiya tərəfindən də çoxdandır ki, heç bir təklif, ideya irəli sürülmür.," Hacıyev deyib.
Onun sözlərinə görə Rusiyanın fəaliyyəti əsasən Qərbin prosesdə iştirakının qarşısını almağa yönəlib. Digər tərəfdən isə Azərbaycan Qərb dövlətlərinin vasitəçiliyini də qəbul etmir və birbaşa ikitərəfli danışıqlara üstünlük verir.
"Azərbaycan Prezidnti də son müsahibəsində dedi ki, Avropa İttifaqının müşahidəçilərinin sərhəddə durması qəbuledilməzdir. Odur ki, Qərbin də bu prosesdə aktiv rol oynamaq imkanı qalmır”, o, qeyd edib.
İkitərəfli formatda Azərbaycan və Ermənistan rəsmilərinin görüşünə gəlincə, təhlilçi hesab edir ki, bunun real nəticələri görünmür.
“Adətən ikitərəfli görüşlərdən sonra nikbin bəyanatlar verilir. Amma bir qədər keçdikdən sonra hər iki tərəfdən bədbin bəyanatlar eşidirk. Son sərt bəyanatlara gəlincə, deyə blərik ki, indiyədək əldə edilmiş razılaşmalar pozula da bilər”, Hacıyev müşahidə edir.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziyalara müsahibəsində Ermənistan-Azərbaycan sülh prosesindən danışarkən Ermənistanın silahlanmasının regionda "yeni gərginliyə" gətirib çıxaracağını bildirib.
“Biz bunu istəmirik. Biz sülh istəyirik”, o bildirib və Azərbaycanın Ermənistan üçün təhlükə mənbəyi olmadığını vurğulayıb, eyni zamanda əlavə edib ki, Ermənistanın "Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinə" qarşıdır.
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, Əliyev deyib.
Ermənsitanın Baş naziri Nikol Paşinyan Prezident Əliyevə cavabında bildirib ki, Ermənistan sülh strategiyasına sadiq qalacağıq və sülh gündəmini ardıcıl olaraq həyata keçirməyə davam edəcək.
Azərbaycan Prezidentinin “Zəngəzur dəhlizinın” açılacağı ilə bağlı Paşinyan deyib ki, Ermənistan “Dünyanın kəsişməsi” layihəsini masaya qoyub və həyata keçirməyə hazırlaşır.
“Bizim gündəmimizdə başqa layihə yoxdur. “Dünyanın kəsişməsi” regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını, o cümlədən Ermənistan ərazisindən Azərbaycan və Azərbaycan ərazisindən Ermənistan marşrutu üzrə kommunikasiyaların açılmasını nəzərdə tutur. Artıq demək imkanım olub ki, biz Azərbaycana Yerasx-Sədərək-Ordubad-Meğri-Zəngilan dəmir yolunun açılması ilə bağlı çox konkret təklif vermişik. Bu, təklifdən çox, konkret məsələlərin konkret həllidir və biz Azərbaycandan müsbət reaksiya gözləyirik, bundan sonra razılıq əldə olunacaq, kağıza yazılacaq və biz bölgəmizdə dəmir yolunun tikintisinə başlayacağıq”.
Azərbaycan Prezidentinin Ermənistanın silahlanmasının regionda gərginlik yaradacağı fikrilərinə gəlincə Baş nazir bildirib ki, Ermənistan ordusunun islahat proqramında qeyri-legitimlik elementləri yoxdur.
“Bütün bunları qeyd etməklə, heç kim Ermənistanın müdafiə qabiliyyətli orduya malik olmaq hüququna etiraz edə bilməz. Silah məsələsinə gəlincə, Azərbaycanın silahları ilə bağlı bizim də narahatlıqlarımız var və onların da narahatlığını eşitmişik. Məhz bu səbəbdən biz Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin formalaşdırılması təklifi ilə çıxış etmişik və onların cavabını gözləyirik”, o qeyd edib.
Bununla yanaşı hər iki ölkənin lideri yaxın zamanda iki ölkənin delimitasiya komissiyasının görüşünün planlaşdırıldığını təsdiq edib.
Forum