Accessibility links

Aİ Şurasının Prezidenti Ermənistan Baş naziri ilə Azərbaycanla sülh prosesinin hazırkı vəziyyətini müzakirə edib


 Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta
Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antoniu Koşta və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında yanvarın 13-də baş tutan telefon danışığında Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib.

Ermənistan Baş nazirinin ofisinin yaydığı məlumata əsasən, Nikol Paşinyan Antoniu Koştaya Ermənistan-Azərbaycan sülh prosesinin hazırkı vəziyyəti barədə məlumat verib və Ermənistan hökumətinin sülh gündəliyindən kənara çıxmayacağını vurğulayıb.

Paşinyan həmçinin Ermənistan ilə Aİ arasında əməkdaşlığın hazırkı durumundan məmnunluğunu ifadə edib.

Aİ Şurasının Prezidenti telefon danışığı ilə bağlı X səhifəsində yazaraq Aİ-Ermənistan münasibətlərindəki müsbət dinamikanı müzakirə etdiklərini bildirib.

“Mən Aİ-nin ümumi dəyərlərə əsaslanan tərəfdaşlığımızı daha da gücləndirməyə və bütün sektorlar - təhlükəsizlik, iqtisadiyyat, insanlar arasında təmaslar, demokratik təsisatlar və dayanaqlılıq üzrə əməkdaşlığımızı dərinləşdirməyə sadiqliyini ifadə etdim”, Koşta deyib.

Aİ Şurasının Prezidenti bundan əvvəl yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefonda danışmış, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verərək qəzanın hərtərəfli araşdırılmasına dəstəyini ifadə etmişdi.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına əsasən, telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Forum

XS
SM
MD
LG