Accessibility links

İranın polis rəhbərinin müavini Azərbaycanla sərhədi strateji coğrafi nöqtə hesab edir


Qasim Rzayi (Mənbə: İRNA)
Qasim Rzayi (Mənbə: İRNA)

İranın polis rəhbərinin müavini Azərbaycanın Astara rayonu ilə sərhəddəki Astara (İran Astarası) məntəqəsinə səfəri zamanı iki ölkə arasında münasibətlərin perspektivlərindən danışıb. Bu barədə İRNA agentliyi məlumat yayıb.

“İran və Azərbaycan sərhədləri həmişə sülh və dostluq sərhədi olub və hazırda da belədir, bu arada heç kimin fitnə-fəsad törətməsinə imkan verməyəcəyik”, İran polisinin rəhbərinin müavini general-mayor Qasim Rzayi yanvarın 7-də jurnalistlərlə söhbətində deyib.

Qasim Rzayi bildirib ki, İranın Azərbaycanla sərhədləri onlar üçün mühüm və strateji coğrafi nöqtələrdir.

“Ona görə də bu il biz qonşu ölkə bütün ortaq sərhədləri ziyarət etdik və qiymətləndirdik və bu proses davam edir. İranın Azərbaycan Respublikası ilə bir çox sahələrdə, o cümlədən mədəni və sosial sahələrdə ortaq nöqtələri var. Ölkəmizin şimal-qərb bölgələrinin bir hissəsində, yəni Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində ortaq dilimiz var, bir çox ortaq sahələr və dostluqlar var”.

Rzayi İran ilə Azərbaycan arasında bir neçə yüz kilometrlik sərhədin olduğunu deyib.

“Bu sərhədlər boyu iki ölkə və onların xalqları arasında çoxlu iqtisadi, siyasi, sosial və mədəni əlaqələr formalaşıb. İran və Azərbaycan arasında sərhəd terminalları və kommersiya yük maşınlarının hərəkəti üçün çoxsaylı körpülər, eləcə də sərnişinlərin keçdiyi üçün quru sərhədi var. Həmişə bu münasibətləri asanlaşdırmaq və səviyyəsini yüksəltməyə səy edilmişdir”, o əlavə edib.

Ölkənin polis rəisinin müavini vurğulayıb: “Mövcud planlaşdırma və koordinasiyalara əsasən, lazım olan yerdə iki ölkənin sərhədçiləri ikitərəfli danışıqlar aparıblar və aparırlar ki, daha çox koordinasiya ilə daha yaxşı fəaliyyət göstərə bilək. Sərhəd işlərini asanlaşdırmaq üçün görüşlər və iclaslar keçirilir.”

Rzayi son statistikaya istinaad edərək bildirib ki, hər gün Astaradan (İran Astarası) Azərbaycana 230-a yaxın yük maşını keçir.

“Qonşu ölkəmiz hazır olsa, bu rəqəmi artıra bilərik”, o qeyd edib.

Qasim Rzayinin İranın Azərbaycanla sərhəd bölgəsinə səfəri İranın ali dini liderinin Ərdəbil üzrə nümayəndəsinin İran televiziyası ilə yayımlanan tədbirdə Azərbaycan və Türkiyənin, həmçinin Azərbaycan Prezidentinin əleyhinə etik normalara uyğun olmayan çıxışından sonraya təsadüf edir.

Nümayəndənin çıxışından sonra İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət edilib. Daha sonra İranın Xarici İşlər Nazirliyi ali dini liderin nümayəndəsinin fikirlərinin İranın rəsmi mövqeyini əks etdirmədiyini bildirib. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziyalara müsahibəsində deyib ki, İranın mövqeyi onu qane etmir.

“Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir", Əliyev bildirib.

Forum

XS
SM
MD
LG