ABŞ Dövlət katibinin köməkçisi Azərbaycan səfirliyinə gələrək baş sağlığı verib

Ceyms Obrayn (Mənbə: Azərbaycanın ABŞ-dakı səfirliyi)

Dekabrın 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin köməkçisi Ceyms Obrayn Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də AZAL təyyarəsinin qəzası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyini ziyarət edib.

Azərbaycanın ABŞ-dakı səfirliyi X platformasında bildirib ki, Ceyms Obrayn Azərbaycan səfirliyinin xatirə kitabına qeyd qoyub.

Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.

Rəsmi mənbələr ilkin araşdırmadan sonra sərnişin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu bildirib.

Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Rusiyanın hava məkanında baş verən faciəvi insidentlə bağlı üzrxahlığını ifadə edib və qurbanların ailələrinə başsağlığını çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.